22/10/2019 16:03
728 x 90

Polis vətəndaşların “102” müraciəti üzrə tamam fərqli iş praktikasına başlayır

img

Xəbər verildiyi kimi, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.

Əmrə əsasən, cinayətlər barədə "102" xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaqlar. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaq.

Hər hansı bir şikayət və ya hadisə barəsində “102” xidmətinə zəng edənlər ərizə yazmaq üçün artıq polis bölməsinə çağırılmayacaqlar. “102” xidməti ilə bağlı imzalanan əmri ölkə ictimaiyyəti müsbət qiymətləndirir.

  • Əliməmməd Nuriyev: “102” xidmətinin təkmilləşdirilməsi də şəffaflıq prosesinin artırılmasına səbəb olacaq

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əvvəllər “102” xidmətinə zəng edib hər hansı bir hadisə haqqında məlumat vermək istəyəndə mütləq həmin şəxs polis məntəqəsində ərizə yazmalı idi. Artıq “102” xidmətinə zəng edənlər ərizə yazmaq üçün polis bölməsinə getməyəcəklər: “Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən “102” xidmətinə zəng edib şikayətini bildirən vətəndaşlarla bağlı əmr imzalandı. Əmrin mahiyyəti ondan ibarətdir ki, “102” xidməti vətəndaşlar üçün daha əlçatan olacaq. Eyni zamanda, bu əmr sayəsində vətəndaşlar əlavə vaxt itirməyəcəklər. “102” xidmətinə zəng edən şəxs hadisə barəsində dərhal məlumat verməklə yanaşı, həm də  dəqiq məlumat verəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rola malikdirlər. “102” xidmətinin təkmilləşdirilməsi də şəffaflıq prosesinin artırılmasına səbəb olacaq. Bu əmr insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına yeni imkanlar yaradacaq: “102” xidmətinə edilən şikayətlə bağlı fakt qeydə alındıqda, zəruri olarsa, əməkdaşlar hadisə yerinə baxış keçirər”.

Günel CƏLİLOVA

Son xəbərlər