Azərbaycanda internet məkanından azad istifadə bir sıra ciddi problemlərin yaranmasına səbəb olub. Xüsüsən də uşaqların nəzarətsiz qaldıqları vaxtlar müxtəlif internet saytlarına daxil olması, burada özlərinə aid olmayan informasiyalarla tanış olması böyük təhlükədən xəbər verir. Məlumdur ki, internetdə kifayət qədər zərərli informasiya var ki, onların uşaqlarımıza çatdırılması mənfi haldır. Əlbəttə, uşaqları, bütövlükdə, bu zərərli informasiya axınından qorumaq çətindir və deyərdik ki, mümkünsüzdür.
Uzun müddətdir ölkəmizdə təhlükəsiz internet məsələsi müzakirə olunur. Bəzi təkliflərə görə, internetə ciddi məhdudiyyətlər tətbiq edilməlidir. Artıq bu sahədə addımlar atılmaqdadır. Söhbət gələn ildən tətbiq ediləcək “halal internet” xidmətindən gedir.
Nədir “halal internet” xidməti? Onun tətbiqi bu sahədə nələri dəyişəcək?
Ekspertlər hesab edirlər ki, “halal internet” start götürdükdən sonra bu sahədəki mövcud problemlər minimuma enəcək.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən provayderlər “halal internet” adlandırılan filtrlənmiş internet xidməti göstərməyə başlayacaqlar. Burada televiziyaların da üzərinə böyük yük düşür. Telekanallar da təqdim etdikləri proqramlarda, verilişlərdə yaş məhdudiyyəti tətbiq etməlidirlər. Nəzərə alsaq ki, bu gün yerli telekanallarda verilişlər üzrə təsnifatlandırma həyata keçirilmir, lakin bu xidmət tətbiq edildikdən sonra, məcbiri qaydada da olsa, təsnifatlandırmalar aparılacaq.
“Təbii ki, bu məqsədlə provayderlər filtrasiya (süzgəc) sistemi qurmalıdırlar”
Məsələyə münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, gələn ilin ilk günündən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minir:
“Bu qanuna uyğun olaraq “Telekommunikasiya haqqında” Qanuna da əlavələr edilib. Onun sözlərinə görə, bu əlavəyə görə, hər bir provayder abunəçinin istəyilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır. “Yəni bütün provayderlər təmiz, “halal internet” xidməti üçün hazırlıqlar görməlidir. Valideyn “halal internet” istəyirsə, provayderlər gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq. Təbii ki, bu məqsədlə provayderlər filtrasiya (süzgəc) sistemi qurmalıdırlar. Hazırda ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir. Bu qanunvericiliyə görə, gələn ildən televiziyalarda yayımlanan hər bir informasiya məhsulu yaş kateqoriyalarına görə (6-, 6+, 12+, 16+, 18+ ) işarələnməlidir. Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq. Televiziya kanalları indidən buna hazır olmalıdırlar. İndiyədək kanallarda formalaşan informasiya məhsulları ekspertizadan keçirilməli və ya yaşa görə işarələnməlidir.
Eyni zamanda, adıçəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar” - deyə bildirən ekspert bunun böyük fayda verəcəyini də qeyd etdi. Onun sözlərinə görə, “halal internet” xidməti cəmiyyət üçün öz müsbət təsirini göstərəcək.
İradə SARIYEVA