Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb. Qərara əsasən, Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir. Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.
Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən;
2. müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən. Fondun vəsaiti nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və nazirlik bu vəsaitlər üzərində sərəncam verir.
Fondun vəsaitlərindən istifadə nazirlik tərəfindən hər il üçün təsdiq olunan gəlir və xərclər smetası əsasında həyata keçirilir. Maliyyə ilinin sonuna fondun hesabında qalan xərclənməmiş vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu əsasnaməyə uyğun olaraq istifadə edilir. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaiti əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.
Maraqlıdır, bəs ekspertlər sözügedən fondun yaradılmasının əhəmiyyətini necə dəyərləndirirlər?
“Yeni fondun yaradılması bu sahədə əməyin mühafizəsi standartlarının tətbiq edilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə imkan verəcək”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı. Onun fikrincə, yeni fondun yaradılması bu sahədə mobilizasiya olunmuş siyasətin həyata keçirilməsi baxımından çox vacibdir: “Nəzərə almaq lazımdır ki, özəl sektorda əməyin mühafizəsinə ciddi ehtiyac var. Bununla belə, özəl sektorda əməyin mühafizəsi ilə bağlı institusionalaşmış qaydaların tətbiqinə ehtiyac var. O baxımdan yeni fondun yaradılması bu sahədə əməyin mühafizəsi standartlarının tətbiq edilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə imkan verəcək. Çünki əmək fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması ilə yanaşı, əməyin özünün mühafizəsi və standartların tətbiq edilməsinə də ehtiyac var. Standartların tətbiq edilməsi, nəticə etibarilə, bu sahədə həm əmək hüquqlarının müdafiəsi, həm də mövcud infrastruktur daxilində yeni əmək münasibətlərinin formalaşması baxımından vacibdir. Təbii ki, yeni standartların tətbiq edilməsi əməyin mühafizəsi ilə bağlı imkanları genişləndirəcək. Bu sahədə mövcud vəziyyətin daha da yaxşılaşmasına xidmət edəcək. O üzdən, güman edirəm ki, belə bir fondun yaradılmasından ən çox faydalanan məhz işçilər olacaq. Söhbət ölkədəki əmək qüvvəsindən gedir”.
Vidadi ORDAHALLI