Oktyabr 1-də Bakı Şəhər Prokurorluğunda Azərbaycan Prokurorluğunun yaradılmasının 101-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov ölkəmizdə ilk prokurorluq orqanının Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla fəaliyyətə başlamasını qeyd edərək, Azərbaycan Prokurorluğunun keçdiyi mürəkkəb və şanlı inkişaf yolundan bəhs edib.
Tədbirdə çıxış edən Bakı şəhər prokurorunun müavini Azər Əsgərov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırıb.
Bakı şəhər prokuroru İlqar Abbasov yekunda prokurorluq orqanları işçilərinin peşə bayramı günü münasibətilə prokurorluq işçilərini bir daha təbrik edərək, prokurorluğa göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
İ.Abbasov əmin edib ki, Bakı Şəhər Prokurorluğu bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaq.
Tədbirin sonunda Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə barələrində həvəsləndirmə tətbirləri tətbiq edilmiş əməkdaşlara mükafatlar təqdim edilib.