Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib. Pensiyanın minimum məbləğinin 160 manatdan 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Maraqlıdır, pensiyaçılar artırılmış pensiya məbləğini nə zaman alacaqlar? Elə bu sualla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə müraciət etdik.
“Pensiyaçılar artırılmış pensiya məbləğini oktyabrın 8-dən 20-dək əldə edə bilərlər”
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı “Bak-Xəbər”ə açıqlamasında qeyd etdi ki, oktyabrın 1-dən etibarən minimum pensiya məbləği 160 manatdan 200 manata yüksəldi. 660 min pensiyaçı artıq 200 manat dəyərində pensiya alacaq.
Həmsöhbətimiz onu da vurğuladı ki, pensiyaçılar artırılmış pensiya məbləğini oktyabrın 8-dən 20-dək əldə edə bilərlər.
Günel CƏLİLOVA