Rusiyada yeni evlənən cütlüklər nikah mərasimlərini VVAQ şöbələri ilə yanaşı, Rusiyanın Müasir Tarix Muzeyində də həyata keçirə bilərlər. XVIII əsrin memarlıq abidəsi olan muzeyin möhtəşəm salonlarında nikah mərasimləri keçirilir. Moskva hökumətinin "Yeni evlilik qeydiyyatı meydanı” layihəsi çərçivəsində keçirilən ilk təntənəli mərasim məşhur Moskva İngilis Klubunun keçmiş kitabxanasında baş tutub.
Onu da qeyd edək ki, baş direktor İrina Velikanova xarici mərbuata açıqlamasında qeyd edib ki, yeni bir ailənin qurulması Rusiyanın böyük milli tarixinin bir hissəsidir: "Bir ailə qurmağa qərar verən cütlər, ölkəmizin müasir həyatını əks etdirən bir muzeydə, açıq şəkildə şəxsi tarixlərini - bu günlərini və gələcəklərini Rusiyanın tarixi ilə əlaqələndirirlər. Ümid edirik ki, bu cür mərasimlər yaxşı bir ənənəyə çevriləcək və mütəmadi olaraq muzeyimizin salonlarında keçiriləcək”.
Maraqlıdır, analoji təcrübə ölkəmizdə də tətbiq oluna bilərmi?
Qeyd edək ki, bizim ölkəmizdə nikah mərasimləri VVAQ şöbələrində, restoran və ya şadlıq evlərində qeyd edilir. Nikah mərasimi əsasən ölkəmizdə çal-çağır çərçivəsində həyata keçirilir. Şadlıq evlərində iştirak edən müğənnilərin xeyir-duası ilə gənclərin nikah mərasimi baş tutur.
Onu da bildirək ki, son vaxtlar nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində qeyd edilməsi ənənəsi də yaranır.
Məlumat üçün bildirək ki, nikah mərasimlərinin tarixi məkanlarda qeyd olunması ənənəsi tək Rusiyada deyil, bir sıra ölkələrdə də tətbiq olunur. Belə ki, qonşu Türkiyədə də yeni evlənən cütlüklərin nikah mərasimləri tarixi məkanlarda baş tutur.
Aytəkin Kamranqızı: “Tarixi təbliğ etmək baxımından nikah mərasimlərinin tarixi məkanlarda, milli muzeylərdə keçirilməsi təqdirəlayiq hal olar”
Nikah mərasimlərinin ölkəmizin tarixi məkanlarında keçirilməsinin vacibliyi barəsində danışan sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, nikahın tarixi məkanlarda qeyd olunması əlamətdar hadisədir: “Xatırladım ki, Sovet dönəmində ailə quran şəxslər tarixi abidələri ziyarət edər, onların yanında şəkil çəkdirərdilər. Ancaq indi vəziyyət dəyişib. Belə ki, ailə quran gənclərin bir qismi nikahdan öncə Şəhidlər Xiyabanını, İlhamla Fərizənin məzarını ziyarət edirlər. Belə bir ənənənin olması yaxşıdır. Tarixi məkanlarda kəbin kəsmə və ya rəsmi nikah mərasimlərinin baş verməsi isə təqdirəlayiq haldır. Ancaq o şərtlə ki, həmin mövcud strukturlara, eksponatlara zərər vurulmasın və kommersiya mənbəyinə çevrilməsin. Çox zaman bu cür məsələlərdə möhtəkirlik edib, daha irəli gedərək, qazanc xarakterli tədbirlər keçirir və belə məkanlara zərərvurma hallarına rast gəlinir. Ümumilikdə, nikahın tarixi məkanlarda kəsilməsi, tarixi abidələrin ziyarət olunması yaxşı haldır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, tarixi təbliğ etmək baxımından nikah mərasimlərinin tarixi məkanlarda, milli muzeylərdə keçirilməsi təqdirəlayiq hal olar: “Belə bir ənənə ölkəmizdə tətbiq olunarsa, gənclərimiz tariximizə bələd olarlar. Tariximizə hörmət, onu təbliğ etmək və gələcək nəsillərə aşılamaq baxımından nikah mərasimlərinin tarixi məkanlarda baş tutması müsbət hal olar”.
Günel CƏLİLOVA