Sentyabrın 27-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı Xəbər”ə bildirildiyinə görə, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Biləsuvar şəhərində Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənib. Müraciətlər, əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Neftçala, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Cəlilabad şəhərində vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.