Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, sentyabrın 25-də Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polisin fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar respublikanın cənub bölgəsindən müraciət etmiş vətəndaşları qəbul etmək üçün Lənkəran şəhərində səfərdə olub.
Daha sonra general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsinə gedərək orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, hərbi hissənin qərargahındakı “Şərəf kitabı”nı imzalayıb.
V.Eyvazov nazir müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.
Hərbi hissənin sıra meydanında şəxsi heyət qarşısında çıxış edən Daxili işlər naziri Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını qeyd edərək, dövlət başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların maddi-texniki təminatının, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
Cənub bölgəsinə səfəri çərçivəsində Daxili işlər naziri Daxili Qoşunların Cəlilabad şəhərində yerləşən hərbi hissəsində də olub. O, burada da şəxsi heyətin hazırlıq səviyyəsi, xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı məsələləri ilə maraqlanıb.
Sonra nazir V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da yüksək səviyyədə və layiqincə gələcəklərinə əminliyini ifadə edib.