Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Məlumat verilib ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb.
Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində, ümumilikdə, 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.
Ölkə başçısı şəxsən paytaxtda parklanmanın vəziyyəti ilə maraqlanıb. Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli ölkə rəhbərinin diqqətinə çatdırıb ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür. Ümumən paytaxtdakı parklanmanın real vəziyyətini qənaətbəxş saymaq olarmı və bununla bağlı hansı işlərin görülməsi zəruridir?
“Çünki paytaxt üçün 600 yerdə dayanacaq yerinin müəyyənləşməsi ciddi rəqəm sayıla bilər”
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə bildirdi ki, parklanma ilə bağlı məsələyə yanaşma birmənalı deyil: “Biz sosial şəbəkələrdə apardığımız müşahidələrdən görürük ki, daha çox avtomobil sahibi olan vətəndaşlarımız parklanma ilə bağlı vəziyyətdən narazılıq ifadə edirlər. BNA bir qədər sərt cərimələr tətbiq etməklə tıxacların qarşısını almağa çalışır. Vətəndaşlar isə alternativ variantın, yəni uyğun yerlərdə dayanacaqların olmadığından şikayətlənirlər. Biz onu da başa düşürük ki, harada gəldi nəqliyyat vasitəsini saxlamaq olmaz. Elə küçələr var ki, orada bir zolaqda belə avtomobillərin saxlanması tıxaclara səbəb olur. Bəlli məsələdir ki, dayanma-durma məsələləri ilə bağlı prosesin nəzarətdə olduğu qənaətinə gəlirik. Çünki cənab Prezidentlə söhbətində də Vüsal Kərimli 600 belə yerin hazırlandığını bildirdi. Hesab etmək olar ki, bu layihə icra olunsa, əhalinin narazılığı da əhəmiyyətli dərəcədə azalar. Çünki paytaxt üçün 600 yerdə dayanacaq yerinin müəyyənləşməsi ciddi rəqəm sayıla bilər. Məsələ birbaşa Prezidentə məruzə olunubsa, özü də ictimaiyyət qarşısında, düşünürəm ki, bu ilin sonuna kimi öz həllini tapar. Yəni 600-ün hamısı olmasa da, böyük hissəsi istifadəyə verilər. Əsas narazılıqlar isə cərimələri yazan əməkdaşlarla bağlı olur. Onlar bəzən sürücülərlə bir qədər sərt tonda danışırlar. Yəni bu problemlər kompleks şəkildə həllini tapmalıdır. Hələ dayanma üçün yerlərin qiymətləri də tam müəyyənləşməyib. Əsas odur ki, prosesə start verilib və ümidvarıq ki, məntiqi sonluqla yekunlaşacaq. Hətta dayanma-durmanı qadağan edən nişanlarla da bağlı monitorinqin aparılmasına ehtiyac var. Bəzən onlar lazımi yerdə quraşdırılmır, bəzən isə quraşdırılan yerdə təsir gücünə malik olmur. Keçirilən tədbirdən biz gördük ki, ortada bu problemin həllində maraqlı olan güclü siyasi iradə də var”.
Məhəmmədəli QƏRİBLİ