Hələ 15-20 il bundan əvvəl birdəfəlik plastik qablar və polimer torbalar bizim üçün qəribə maraq doğururdu. Ərzaq mağazalarında müxtəlif ərzaqların – kolbasa, pendir, yağ və s. örtüklərinin zaman-zaman polimerlərlə əvəzlənməsi, əslində, yenilik kimi qarşılandı. Polietilen ərzaq torbaları həyatımıza o qədər yaxından daxil oldu ki, “bunlar sağlamlığımız üçün təhlükəlidirmi” sualı belə yaddan çıxdı.
Amma dünya alimlərinin həm plastik qablar, həm də polietilen torbaların həyat üçün təhlükəli olduğu barədə tədqiqatları, bir sıra ölkələrin həmin məhsullardan istifadəyə qadağa qoymaları bizi də artıq səhhətimiz haqqında düşünməyə məcbur etdi. Bir ilə yaxındır ki, ölkədə selofan torbaların kağız və ya həsir torbalarla əvəz olunması müzakirə olunur. Artıq polimer torbalar kağızla əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev media nümayəndələrinə açıqlamasında deyib ki, yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir: “Çox yüngül (“pinqvin”) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib. Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır”.
Selofan torbaların kağızla əvəz olunması sağlamlıq baxımından müsbət qarşılanır. Ancaq maraqlı məqam ondan ibarətdir ki, ölkədə polimer torbaları əvəz edəcək səviyyədə kağız varmı? Azərbaycanın kağız sənayesi selofan torbaları əvəz edə biləcəkmi?
“…ölkənin kağız sənayesi inkişaf etdirilməlidir”
İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Avropa ölkələrinin əksəriyyəti polietilen torbalardan imtina edib. Analoji qaydanın bizdə də tətbiq olunması gözlənir. Ekoloji və insan sağlamlığı baxımından selofan torbaların kağızla əvəz olunması müsbət haldır: “Selofan torbaların kağızla əvəz olunması və ölkənin buna hazır olması öncədən araşdırılmalıdır. Kağız torbaların idxal hesabına təmin olunması deyil, onun daxildə istehsal olunması araşdırılmalıdır. Bir qrup sahibkar kağız idxalı ilə əlavə qazanc götürmək istəyəcək. Bunun qarşısını almaq lazımdır. İlk növbədə ölkədə kağız sənayesini inkişaf etdirmək lazımdır. Nəzərə almaq lazımdır ki, kağız sənayesi geniş texnologiyaya malikdir. Kağız torbalara keçid edilməzdən öncə daxildə kağız sənayesi inkişaf etmiş səviyyədə olmalıdır. Plastik və polimer torbalardan imtina edilirsə, bu, idxal hesabına deyil, daxili imkanlar hesabına təmin olunmalıdır”.
Günel CƏLİLOVA