Bakıda Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) keçirilir.
IAEA 2019-da Azərbaycanla birgə 55 ölkədən 300-dən artıq nümayəndə iştirak edir. Builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunub. Məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq. Konfrans sentyabrın 27-dək keçiriləcək.
Onu da qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.
Bütün bunlarla yanaşı, təhsilin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı sözügedən beynəlxalq konfransın Bakıda keçirilməsi nə deməkdir? Ekspertlər bunu necə dəyərləndirirlər?
“Fikrimcə, bu tədbir təhsilin keyfiyyət qiymətləndirilməsində mövcud olan problemlərin aradan qaldırılmasına böyük bir dəstək olacaq”
Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdlünün sözlərinə görə, belə bir tədbirin Bakıda keçirilməsinin mühüm əhəmiyyəti var: “Məsələ ondadır ki, son dövrlərdə islahatlar çərçivəsində Azərbaycanda yeni qiymətləndirmə formaları tətbiq edilir. Bu baxımdan, beynəlxalq təcrübənin öyrənilməsi çox vacibdir. Hesab edirəm ki, Bakıda keçirilən bu konfrans bizim təhsil sistemində qiymətləndirmə işinin daha sürətli və keyfiyyətli aparılmasına ciddi təkan verəcək. Tədbirin Bakıda keçirilməsi vacib hadisədir. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Burada söhbət təhsilin keyfiyyətindən gedir. Nəzərə almaq lazımdır ki, qiymətləndirmə və keyfiyyət bir-birilə zəncirvari olaraq bağlı olan proseslərdir. Sözügedən tətbir də ancaq qiymətləndirməyə həsr edilib. Düşünürəm ki, keyfiyyətin qiymətləndirilməsi baxımından bu konfrans stimullaşdırıcı bir tədbirdir. Azərbaycanın təcrübə öyrənmək baxımından belə bir tədbirin Bakıda keçirilməsi müsbət əhəmiyyət kəsb edir. Fikrimcə, bu tədbir təhsilin keyfiyyət qiymətləndirilməsində mövcud olan problemlərin aradan qaldırılmasına böyük bir dəstək olacaq. Ona görə də belə bir tədbirin Bakıda keçirilməsini müsbət dəyərləndirirəm”.
Vidadi ORDAHALLI