16/10/2019 14:19
728 x 90

Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin sayı niyə çoxalır…

Fatimə Hacıbəyli: “Valideyn uşağını döyməklə ailədə avtoritar rejim yaradır”

img

Ötən il 128 nəfər valideynlik hüququndan məhrum edilib, 35 nəfər isə valideynin isə hüquqları məhdudlaşdırılıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur. Qanunvericiliyə əsasən, ailədə valideynlik vəzifəsini layiqincə yerinə yetirməyən şəxslər analıq və ya atalıq hüququndan məhrum olunurlar. Valideynlik hüquqlarından sui-istifadə edənlər qanuni qaydada məsuliyyət daşıyırlar.

Ötən illərlə müqayisədə valideynlik hüququndan məhrum edilənlərin sayının artması barədə fikir bildirən “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, azyaşlıların hüquqları BMT-nin 1989-cu ildə qəbul olunan “Uşaq hüquqları haqqında beynəlxalq konvensiya”sına uyğun olaraq tənzimlənir: "Uşaqların hüquqlarının tanınması demokratiya məsələsidir. Ancaq Azərbaycanda bu məsələyə münasibət fərqlidir. Valideyn uşağa xüsusi mülkiyyət kimi baxır. Uşaqlar da hüquqlarını bilmirlər".

  • “Ailə planlaşdırılmasına önəm verməyən şəxslər gələcəkdə öz valideynlik məsuliyyətlərini dərk etməkdə çətinlik çəkirlər”

Ekspert bu məsələdə uşaqların maarifləndirilməsini vacib sayır. Onun sözlərinə görə, bunun üçün televiziyanın, mətbuatın mütəmadi olaraq məsələni qabartması gərəkdir: “Valideyn uşağını döyməklə ailədə avtoritar rejim yaradır. Bunun nəticəsində uşaqlar zəif, qorxaq, öz fikri olmayan, tez təsir altına düşərək böyüyürlər ki, bu da onlarda aqressiyaya gətirib çıxarır. Uşağını döyən valideynin məsuliyyətə cəlb olunması isə məsələyə ən son müdaxilədir. Ümumiyyətlə, valideynlik məsuliyyəti birbaşa şəxslərin bacarıq və təhsili ilə əlaqədardır. Ailə planlaşdırılmasına önəm verməyən şəxslər gələcəkdə öz valideynlik məsuliyyətlərini dərk etməkdə çətinlik çəkirlər. Son illər ölkədə bu sahədə ciddi maarifləndirmə işinin aparılmasına ehtiyac var. Bəzən ən sadə səbəblər üzündən bəzi gənc valideynlər övladlarından imtina etməklə bağlı müraciət edirlər. Azərbaycanda ailədən ayrı düşmək risqi altında olan uşaqların qiymətləndirilməsi və onların alternativ qayğı müəssisələrinə yerləşdirilməsi Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın vəzifə öhdəliklərinə daxildir. Belə ki, komissiya övladına baxa bilməyən ailələrin qiymətləndirilməsini aparmalı və risq faktorları araşdırılmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, bir çox hallarda, yoxsulluq, işsizlik və digər sosial problemlər uşaqların valideyn himayəsindən məhrum olmasına və müəssisəyə yerləşdirilməsinə səbəb olur: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda ailələrin sosial rifahının yaxşılaşdırlmasına istiqamətlənmiş dövlət proqramları və mexanizmləri mövcuddur, indiki halda belə ailələrə ərazi üzrə müvafiq idarələr tərəfindən müdaxilə planına əsasən dəstək göstərilməlidir. Dövlətimizin əsas məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün lazımi işlər görməkdir. Bütün hallarda, uşaqların ən yaxşı mənafeyi gözlənilməli və yalnız uşağın hüquqlarının qorunması məqsədilə alternativ qayğıya yönləndirilməsinə razılıq verilməlidir”.

F.Hacıbəyli onu da vurğuladı ki, Azərbaycanda qadının analıq hüququndan məhrum edilməsi məsələsi yalnız qanun müstəvisində həll oluna bilər: "Bununla bağlı fikirlərin səsləndirilməsi cəmiyyət tərəfindən düzgün qəbul edilə bilməz. Bizdə bu kimi hallara qarşı cəmiyyətdə bir dözümsüzlük var. İctimai qınaq burada hər zaman böyük rol oynayır. Mən çox arzulayardım ki, bu kimi məsələlər qınaq və tənqidlər nəticəsində öz həllini tapsın. Qadının analıq hüququndan məhrum olunması kimi faciəli bir halı təsəvvür edə bilmirəm. Azərbaycan o cəmiyyətlərdəndir ki, burada qadınların analıq hüququndan məhrum edilməsi ilə bağlı tələb hər kəsin qulağına yad gəlir və heç kim bunu qəbul belə etmək istəmir. Ancaq nəzərə almaq lazımdır ki, biz hüquqi cəmiyyət qururuq. Burada bütün məsələlər qanunla tənzimlənir”.

Günel CƏLİLOVA

Son xəbərlər