20/10/2019 18:46
728 x 90

Azərbaycanda orqan transplantasiyası ilə bağlı bütün problemlər həllini tapır – istiqaməti deputat Əhliman Əmiraslanov göstərdi...

Adil Qeybulla: “Bir sıra insanların həyatını bunun sayəsində xilas etmək mümkün olacaq”

img

“Azərbaycanda həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi artıq hazırdır. Qanun layihəsi bütün müvafiq qurumlara göndərilib və onlardan müsbət rəy alınıb: “Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Adətən payız sessiyasında büdcənin müzakirəsini aparırıq. Ancaq çalışacağıq ki, bu sessiyada müzakirəyə çıxaraq”.

Ə.Əmiraslanov onu da bildirib ki, belə bir qanun Azərbaycanda əvvəllər də olub: “Ancaq praktik olaraq işləməyib. Öncə o qanun layihəsində dəyişiklik etmək istədik. Ancaq gördük ki, məsələ təkcə dəyişikliklə başa gəlmir. Ona görə də yeni qanun layihəsi hazırladıq. Bu çox vacib məsələdir. Həm meyitdən, həm də sağlam insandan orqan köçürülməsi həyata keçiriləcək. Ümumilikdə, bu qanun layihəsində orqan transplantasiyasında olan bütün problemlər öz əksini tapıb”.

Dünyanın bir sıra ölkələrində orqan transplantasiyası barədə qanun var və bundan irəli gələrək müəyyən uğurlar əldə edilib. Həmçinin, bundan geniş istifadə edilir. Ona görə də Azərbaycanda da belə bir qanunu olması vacibdir. Həm də əsas odur ki, sözügedən qanun işlək olsun və bundan cəmiyyət faydalana bilsin.

  • “Belə bir qanunun qəbul edilməsi ilə yanaşı, cəmiyyətdə orqan transplantasiyası barədə təbliğat işini gücləndirmək lazımdır”

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla belə bir qanunun hazırlanmasına müsbət prizmadan yanaşdı. Onun fikrincə, qanun qəbul ediləndən sonra cəmiyyətdə bu yöndə maarifləndirmə işi aparılmalıdır: “Orqanlar beyin ölümü keçirmiş sağlam şəxslərdən götürülməlidir. Avtomobil qəzası keçirmiş, müxtəlif bədbəxt hadisələr zamanı dünyasını dəyişmiş adamlar bu kateqoriyaya daxildir. Bizdə əhali görürsən bu cür hadisələr zamanı istəmir dünyasını dəyişən şəxsi həkimlər yarsın. Azərbaycan əhalisi emosional olduğundan, bu kimi məsələlərə son dərəcə həssas yanaşır. Ona görə də insanlar buna hazır olmalıdırlar. Onlar düşünməlidirlər ki, dünyasını dəyişən şəxs başqa bir həyata başlanğıc verə bilər. Bu məsələlər Avropada, Türkiyədə və başqa ölkələrdə sivil formada həll olunur. Özü də həmin ölkələrdə bu geniş yayılıb. Təbii ki, bizdə də belə bir qanun olmaqla yanaşı, sözügedən qanun işləsə yaxşı olar. Bir sıra insanların həyatını bunun sayəsində xilas etmək mümkün olacaq. Ona görə də belə bir qanunun qəbul edilməsi ilə yanaşı, cəmiyyətdə orqan transplantasiyası barədə təbliğat işini gücləndirmək lazımdır. İnsanları buna hazırlamaq lazımdır. Hansısa səbəbdən vəfat edən şəxsi onun yaxınları yarmağa qoymurlar. Hansı ki, dünyanın bir çox yerində vəfat edən şəxs yarılır və ölümün səbəbləri dəqiqləşdirilir. Donor bankı olmadan, bu məsələ şəbəkə formasını almadan, yerlərdə səhiyyəni peşəkar səviyyədə qurmadan, bunu həyata keçirmək çətin olacaq. Hesab edirəm ki, zamanla cəmiyyəti buna hazırlamaq mümkün olacaq. Ancaq gərək bu yöndə geniş təbliğat və maarifləndirmə işi aparılsın”.

Vidadi ORDAHALLI

Son xəbərlər