20/10/2019 18:47
728 x 90

Tibbi fəaliyyətin ƏDV-dən azad olunması təklifi rəsmiləşsə…

Rəşad Həsənli: “Özəl sektorda qiymətlərin dövlət xəstəxanalarına nisbətən baha olması vətəndaşların həmin klinikalara əlçatanlığını nisbətən aşağı salır”

img

Tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsi təklif edilir. Belə bir təklif Milli Məclisin Səhiyyə komitəsinin ötən iclasında millət vəkili, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov tərəfindən səslənib.

Millət vəkili çıxışı zamanı tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsinin vacib olduğunu bildirib.

Ekspertlər də tibb sektorunun əlavə dəyər vergisindən azad olunması təklifini müsbət qarşılayırlar. Onların fikrincə, bu təklif real olarsa, xəstəxanalarda xəstə qəbulunun qiyməti dəyişər, eyni zamanda, bu hal dərman preparatlarının qiymətinə də təsir edər.

  • “…səhiyyə sahəsinə güzəştlər tətbiq olunmalıdır”

İqtisadçı-ekspert Rəşad Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Bu sektor istənilən səviyyədə olmadığı üçün, Azərbaycandan xarici ölkələrə kifayət qədər valyuta axını baş verir: “Nəzərə almaq lazımdır ki, əhalinin sağlamlığı strateji məsələdir. Ölkə daxilində sağlamlıqlarını bərpa edə bilməyənlər xarici ölkələrə üz tuturlar. Danılmaz faktdır ki, müalicə məqsədilə Azərbaycandan ən çox İrana səfər edilir”.

Həmsöhbətimizin sözlərinə görə, son zamanlar səhiyyənin özəl sektorunda inkişaf qeydə alınır. Özəl sektorda qiymətlərin dövlət xəstəxanalarına nisbətən baha olması vətəndaşların həmin klinikalara əlçatanlığını nisbətən aşağı salır: “Vətəndaşların İrana üz tutması səbəblərindən biri keyfiyyətli xidmət almaq məqsədi daşıyırsa, digər səbəb isə daha aşağı qiymətlə xidmətləri istehlak etməkdir. Bu baxımdan, ölkənin səhiyyə sistemində xidmətlərin əlçatanlığının artırılması, həmçinin, rəqabətliyin təmin olunması məqsədilə əlavə dəyər vergisi də daxil olmaqla, müxtəlif vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, səhiyyə sahəsi strateji sahədir. Əhalinin sağlamlığı baxımından tibb sektoruna müəyyən güzəştlər olunması vacibdir. Eyni zamanda, dövlət səhiyyə sistemində xidmətlərin keyfiyyətinin aşağı olması insanların özəl sektora müraciət etməsinə səbəb olur. Bu sektora güzəştlər tətbiq olunmadığı üçün, özəl xəstəxanalarda qiymətlər əhalinin büdcəsinə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, səhiyyə sahəsi dünyada sürətli dinamika nümayiş etdirir. Tibb sektorunun inkişaf etməsi, texnologiyanın mütəmadi olaraq yenilənməsi bu istiqamətdə böyük xərc formalaşdırır. Bu səbəbdən də tibb sahəsində güzəştlər tətbq olunmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər