20/10/2019 18:57
728 x 90

“Leş Tofiq” kimilər hələ də var... - Hafiz TƏMİROV yazır

img

Bu xəbər saytlara ayaq açandan və gündəmin manşeti olandan sonra, yəqin ki, çoxunuz evinizə ət almağa tərəddüd etdiniz. Hətta tanış qəssablara belə ürəyinizdə şübhə yarandı. Ümumiyyətlə, müşahidə etmişəm: azdan-çoxdan dinə riayət edənlər, heyvanın üzü qibləyə, “Bismillah”la kəsilməsini qəssabdan soruşanlar, demək olar ki, azdır. Ancaq təmizliyə gəldikdə, əlbəttə ki, hər kəs gigienik baxımdan təmiz olan, müəyyən qaydalara cavab verən kəsim yerlərindən ət almaq istəyər.

Görəsən, neçə nəfər cinayətkarlıqla mübarizə ilə yanaşı, sağlamlığımızın da keşiyində duran polisimizə ürəyində “Bərəkallah”, “Afərin”  dedi? Bəziləri hətta bu xəbərdən sonra “Guya polis və digər qurumlar onları görmürdülərmi” iradı ilə tənqidlərinin “ağızını itilədilər” də. Ancaq bir məsələ var. Bu “leş ovçuları”na mal, əl və dil verənlər bizik. Dəfələrlə eşitmişəm: filankəsin malı, heyvanı ölmüşdü, maşın vurmuşdu, gəlib “kolbasaya” apardılar və s. Kimlər aldı, kimlər apardı, heç xəbəriniz oldumu, heç maraqlandınızmı? Deməli, hamımız günahkarıq...

Əslində, hər bir vətəndaş daxilən polis olmalıdır - qanuna hörmət edən, onun keşiyində duran, öyrənən və bilən. Şərt o deyil ki, uniforma geyinəsən, dövlət tərəfindən sənə qanunvericilik çərçivəsində müəyyən səlahiyyətlər verilə. Cəmiyyətdəki neqativlər müəyyən zaman çərçivəsində adidən-aliyə, kiçikdən- böyüyə kimi yol qət edirsə və heç bir maneəyə rast gəlmirsə, heç bir təpki görmürsə, deməli, biz sağlamlığımıza, sabahımıza biganəyik. Bax, elə bu “leş alverçiləri” də bizim zəif damarımızı, biganəliyimizi və əlbəttə ki, meydanı boş görüb at oynadıblar.

Polis qarşısını almasaydı, müəyyən qurumlar məlumatlandırılmasaydı, əslində, hər kəsin verə biləcəyi suallardı. “Nəticə bundan sonra necə olardı” sualına cavab  axtarmaq yox, konkret cavab vermək üçün bir müddət öncə baş verən qida zəhərlənmələrinə diqqət çəkmək yetərlidir.  Paytaxtda və yerlərdə baş verən qida zəhərlənmələrinin açılan kələfinin bir ucunun, sizcə, bu “leşçilərlə” bir bağlılığı yoxmu? Polisin araşdırmasından və maddi sübutlardan sonra var deməyə cəsarətlənirik, çünki əlahəzrət fakt meydandadır.

Təəssüf ki, insanlarımız hələ də qida təhlükəsizliyindən xəbərsizdir. Maariflənməyə ehtiyac var. Paytaxtda, regionlarda bununla bağlı məktəblərdə, bəli təhsil ocaqlarında tədbirlər keçirilməlidir. Çünki narkomaniya, dini radikalizm, erkən nikah və bu kimi digər bəlalar kimi qida təhlükəsizliyi də hər birimizi düşündürməlidir.

Əgər mütətəşəkkil dəstə tərkibində birləşən, əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxslərin yaratdığı şəbəkənin üzvlərinin yeni qurbanı olmağımızı, əzizlərimizin sağalmaz xəstəliklərdən əziyyət çəkməsini istəmiriksə, o zaman, gəlin, birlikdə mübarizə aparaq. Gördüyünüz neqativi polisə deməkdən çəknməyin…

Əvvəllər məhkum olunmuş “Leş Tofiq”- Alıbəy Rzaxanov öz layiqli cəzasına çatacaq. Amma onun kimilər hələ də var və azadlıqda leş axtarırlar…

Hafiz TƏMİROV
polis mayoru

Son xəbərlər