16/10/2019 14:32
728 x 90

Azərbaycan təhsilində daha bir paralel struktur yaratmaq cəhdi – Turizm Universiteti varsa, turizm məktəbinə nə ehtiyac…

img

Turizmin dünya üzrə inkişaf etməsi Azərbaycandan da yan keçməyib. Azərbaycanın coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, böyük dövlət dəstəyinin olması, infrastrukturun təkmilləşdirilməsi turizm sahəsinin inkişafını şərtləndirən amillərdəndir. Ümumiyyətlə, turizmin inkişafı üçün ölkədə çoxlu sayda layihə həyata keçirilib.

Bu günlərdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının Moskvada keçirilən "Hamı faydalanır: qlobal şəhərlərdə turizmin inkişafı strategiyaları" adlı sessiyasında çıxışı zamanı Azərbaycanda yeni turizm məktəbinin yaradılması barədə fikir səsləndirib. Agentlik sədri bildirib ki, Azərbaycanda yeni turizm məhsullarının yaradılmasına və inkişafına, eyni zamanda, mədəni irsin qorunub saxlanmasına dövlət tərəfindən xüsusi diqqət ayrılır. Azərbaycanda turizm sahəsində təhsilə də xüsusi diqqət yetirildiyini bildirən agentlik sədri yeni turizm məktəbinin yaradılması üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, turizmin inkişafı üçün ölkənin bir sıra universitetlərində turizm ixtisası tədris olunur. Ən əsası, ölkədə Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Adıçəkilən universitetdə turizm ixtisası yetərincə tədris olunduğu halda, turizm üzrə məktəbin yaradılmasına ehtiyac yoxdur. Turizm və Menecment Universiteti olduğu halda, turizm sahəsi üzrə yeni məktəbin yaradılması düzgün addımdırmı?

  • Elçin Rüstəmov: “Turizm və Menecment Universiteti, demək olar ki, hər il çoxlu sayda peşəkar kadrı əmək bazarına təqdim edir”

Turizm sahəsi üzrə mütəxəssis Elçin Rüstəmov bizimlə söhbətində bildirdi ki, Turizm və Menecment Universitetindən əlavə, ali təhsil ocaqlarının əksəriyyətində turizm fakültəsi var. Ötən illərlə müqayisədə Azərbaycanda turizm fakültələrini bitirən gənclərin ixtisas hazırlığı yetərincədir: “Etiraf edək ki, illər öncə ali təhsil ocaqlarının bəzisində turizm ixtisasını coğrafiya müəllimləri tədris edirdi. Ancaq artıq bu sahədə problem yaşanmır. Turizm və Menecment Universiteti, demək olar ki, hər il çoxlu sayda peşəkar kadrı əmək bazarına təqdim edir. Adıçəkilən universitetdə öz ixtisasının peşəkarı olan müəllimlərimiz var. Həmin müəllimlər nəzəriyyəni və öz təcrübələrini tələbələrə öyrədirlər”.
Həmsöhbətimizin sözlərinə görə, ölkədə yeni bir turizm məktəbinin yaradılması ilə bağlı fikirlər səslənir: “Zənnimcə, ölkədə turizm sektoru yetərincə tədris olunduğu halda, bu sahə ilə bağlı məktəbin yaradılmasına ehtiyac yoxdur. Turizm Universiteti ilə yanaşı, turizm peşə məktəbi də mövcuddur. Bu peşə məktəbində də turizm fənni lazımi səviyyədə tədris olunduğu üçün, yeni məktəbin yaradılmasına lüzum yoxdur”.

Günel CƏLİLOVA

Son xəbərlər