16/10/2019 14:21
728 x 90

Şəhid pilotun xanımının adından profil açaraq pul yığan dələduzlar peyda olub

Pilotun həyat yoldaşı: “Mən heç bir sosial şəbəkədən istifadə etmirəm və digər adlarla səhifələr yaratmamışam”

img

Sosial şəbəkələrdə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Qeyd edilir ki, hansısa dələduzlar həmin profil vasitsəilə pul toplayır. Pilotun xanımı özü də məlumatın doğruluğunu təsdiqlədi:

"Mənə indi məlumat verilib ki, adımdan sosial şəbəkələrdə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən heç bir sosial şəbəkədən istifadə etmirəm və digər adlarla səhifələr yaratmamışam. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, həmin saxta adlı insanları ifşa edin".

  • Pilotun qardaşı: “Kimdirsə, Rəşadın adından istifadə edərək pul toplayır”

Pilotun qardaşı Nicat Atakişiyevin sözlərinə görə, kimsə Rəşad Atakişiyev haqqında yanlış fikir formalaşdırmaq istəyir və insanların sevgisindən istifadə etməyə çalışır: "Könül xanımın adına saxta profil açıblar. Kimdirsə, Rəşadın adından istifadə edərək pul toplayır. Bu insanı axtarıb taparıq".

  • Qabil Hüseynli: “Görün insanlar nə qədər azğınlaşıb ki, bu yolla pul qazanmaqdan utanmırlar”

Mərhum Rəşad Atakişiyevin qaynatası Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  belə bir halla üzləşdikləri üçün çox üzüntü keçirirlər: “Mənim qızım heç bir sosial şəbəkədən istifadə etmir. Özüm isə ara-sıra “Facebook”a girirəm. Bizim Gəncədə yaşayan qohumlarımızdan biri dedi ki, “İnstagram” sosial şəbəkəsində belə profil açılıb və Rəşadın adından pul toplanır. Araşdırdıqda məlum oldu ki, profil mənim qızımın adınadır və saxtadır. Çünki qızımın ondan məlumatı yoxdur. Hətta Rəşadın iş yoldaşlarından  bəzilərinə də müraciətlər edilib. Bizdə olan məlumata görə, vəsaitləri xüsusi açılan hesaba yönəldirmişlər. İlkin ehtimallarımız var. Təxmini bilirik ki, bu əməlləri kimlər törədə bilər. Ancaq dəqiq sübut olmadığı üçün, hələ ki, konkret ad çəkə bilmirəm. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Yəqin ki, tez bir zamanda bu dələduzluğu kimlərin etdiyi tapılıb üzə çıxarılacaq. Görün insanlar nə qədər azğınlaşıb ki, bu yolla pul qazanmaqdan utanmırlar. Çox xahiş edirəm ki, qarşınıza belə hallar çıxanda həmin profillərin bağlanması üçün şikayətlər edin. Həm də bu istiqamətdə bir maarifləndirmə aparın ki, dəllallar istifadə edə bilməsin. Adamın hələ 40-ı çıxmayıb, amma kimlərsə onun adından sui-istifadə etməyə çalışır. Sözün bitdiyi yerdir bu”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər