19/09/2019 17:28
728 x 90

Antalyaya tur təşkili adı altında vətəndaşları aldadan daha bir turşirkətin adı çıxdı – “Like Travel”…

“Yerli turistlərin aldadılmaması üçün aidiyyəti qurumlar turizm şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirməlidirlər”

img

Vətəndaşlar bu il daha bir turizm şirkəti tərəfindən dələduzluğa məruz qalıblar. Son zamanlar bəzi turizm şirkətləri vətəndaşlardan müəyyən məbləğdə pul alaraq onların xarici ölkələrdə istirahəti üçün tur təşkil edəcəklərini bildirirlər. Belə şirkətlərdən biri də "Like Travel"dır.

Bu barədə zərərçəkmiş Elmir Sadıqlı sosial şəbəkədə məlumat paylaşaraq bildirib ki, o və dostları ayrı-ayrılıqda "Like Travel" adlanan şirkətə 4200 manat ödəyərək Antalyaya turpaket almaq istəsə də, şirkət tərəfindən dolandırılıb: “İyulun 6-sı 3 dostumla birgə Antalyaya turpaket almaq üçün "Like Travel" adlanan şirkətə yaxınlaşdıq. İlkin ödəniş olaraq hər birimiz 700 AZN ödədik. Şirkətin direktoru Azər Şükürovla razılaşdıq ki, uçuşa 15 gün qalmış növbəti ödənişi edərik. Ümumilikdə, ödənişimiz isə 4200 AZN təşkil edirdi ki, bu paketə 4 nəfərin otel, təyyarə biletləri daxil idi. Növbəti 3500 AZN ödənişi iyulun 18-də şirkətin digər ofisində ödədim. Azər Şükürov sabah, yəni ayın 19-da vauçerlərimizi götürə biləcəyimizi dedi. Ancaq bu sabahlar uzandıqca uzandı. Biz otellə əlaqə saxladıq, heç adımıza rezervasiya belə edilmədiyini öyrəndik. Bundan sonra aldadıldığımızı hiss edərək ofisə yaxınlaşdıq. Orada bildik ki, bizimlə yanaşı, 20-30 nəfər də aldadılmış şəxs var. Ödədiyimiz məbləği geri tələb edəndə Azər Şükürov pulu xərclədiyini bildirdi və geri qaytaracağını vəd etdi. Sonra öyrəndik ki, 31 avqust tarixində gecə ilə Azər Şükürov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıb. Biz də, eyni zamanda, rəsmi olaraq 102-yə şikayət etdik. 20-ci Polis Bölməsində izahatımızı aldılar və bildirildi ki, eyni şikayətlə bağlı 25 nəfər müraciət edib. Ümumi olaraq insanlardan 70-80 000 AZN çərçivəsində pul mənimsənilib. Ancaq 10-12 gün sonra Azər Şükürov azadlığa buraxılıb. Bakıdan qaçaraq Kürdəmir rayonunda gizləndiyini öyrəndik. Hər dəfə zəng edəndə, evini satıb borcumuzu ödəyəcəyini deyirdi”.

Məsələ ilə bağlı “Like Travel” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

  • Elçin Rüstəmov: “Turizm şirkətləri mülki məsuliyyət sığortasına cəlb olunarsa…”

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bizimlə söhbətində bildirdi ki, yerli turistlərin aldadılması ilə bağlı kifayət qədər fakt var: “Müştəri şirkətdən hər hansı turu alır. Hava limanına gedəndə isə şəxs reysə buraxılmır. Və ya turist xaricdə gözləmədiyi mənzərə ilə qarşılaşır. Sifariş edilən otelə müraciət edəndə bron edilmədiyi aşkar olunur. Bu tip hallarla çoxlu sayda vətəndaş rastlaşıb. Bəziləri üzləşdikləri problemi ictimailəşdirir, bəziləri isə heç nə olmamış kimi həyatlarına davam edirlər”

Ekspertin fikrincə, bu kimi hadisələrin sayının azalması üçün aidiyyəti qurumlar turizm şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirməlidirlər. Turizm şirkətləri mülki məsuliyyət sığortasına cəlb olunarsa, bu sığorta vasitəsilə onların yerli və xarici turistlər qarşısında öhdəlikləri təmin ediləcək.

Həmsöhbətimiz onu da vurğuladı ki, vətəndaşlar əvvəlcə turpaket aldıqları şirkətləri internet üzərindən araşdırsınlar. Həmçinin, turizm şirkətlərilə sövdələşmələri rəsmi qaydada aparsınlar.

Günel CƏLİLOVA

Son xəbərlər