Nəsimi Rayon İcra Hakimiyyəti ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq bir sıra tədbirlərin keçirilməsini davam etdirir.
Nəsimi RİH-dən verilən xəbərə görə, növbəti belə tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən həvəskarlar arasında nərd yarışı olub. Bu yarışda rayonun ahıl sakinləri və Qarabağ müharibəsi veteranları iştirak ediblər. Nərd yarışı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində istifadəyə verilmiş Nəsimi rayonu, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 saylı ünvanlardakı həyətdə təşkil olunub. Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış “Bizim həyət”də Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev yarış iştirakçılarını oyunun Əsasnaməsi ilə tanış etdikdən sonra yarışa start verilib. Veteranların iştirakı ilə 2 saat davam edən yarışın qalibləri Nəsimi rayon Gənclər və İdman İdarəsinin xüsusi diplomları ilə mükafatlandırılıb.