“Bakı-Xəbər”in ictimailəşdirdiyi bir vətəndaşın problemi özünün müsbət həllini tapıb. Redaksiyamıza müraciət edən Yardımlı rayonu Solqard kənd sakini Valeh Hüseynli bildirmişdi ki, "Access Bank"ın Bakıxanov filialı ona çatacaq 2400 manat kompensasiyanı ödəmir.
Valeh Hüseynli deyirdi ki, hazırda ölkədə olmadığı üçün vəkilinə etibarnamə verib, lakin bank Azərbaycan Konsulluğunun verdiyi etibarnaməni saxta hesab edir: "Hazırda ölkədə olmadığım üçün öncə vəkilim Fuad Şirinova etibarnamə göndərdim. Bank o etibarnaməni qəbul etmədi. Bankın tövsiyə etdiyi etibarnaməni hazırlayıb Azərbaycan Respublikasının Berlindəki Konsulluğunda rəsmiləşdirib qardaşım Dadaşov Taleh Əlisalam oğlunun adına göndərdim. Bu dəfə isə bank etibarnaməni tanımadı və saxta olduğunu iddia edir. Etibarnaməni verən orqan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Konsulluğudur. Necə ola bilər ki, konsulluğun verdiyi etibarnaməni bank saxta saysın? Dəfələrlə banka rəsmi müraciət etsəm də, cavab verilmir".
Şikayətçi qeyd edir ki, yaranmış vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Həmin şikayətçinin qardaşı Dadaşov Taleh Əlisalam oğlu redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, məsələ ictimailəşəndən sonra problem Daxili İşlər Nazirliyinin müdaxiləsi nəticəsində öz müsbət həllini tapıb: “Biz məcbur qalıb məsələni ictimailəşdirdik. Həmin müraciətimizdə hüquq-mühafizə orqanlarına da müraciət etmişdik. Bundan sonra məni DİN-in nümayəndələri dəvət etdi. Qardaşımın göndərdiyi etibarnaməyə baxdılar və dedilər ki, problemlə yaxından maraqlanacaqlar. İki gündən sonra mənə zəng vurub bildirdilər ki, gedib bankdan pulumu götürə bilərəm. Gedən kimi bizə çatmalı olan 2400 manat kompensasiyanı kart yolu ilə hesabıma köçürdülər. Biz öz ailəmizin adından Daxili işlər naziri cənab Vilayət Eyvazova xüsusi təşəkkürümüzü bildiririk”.
Məhəmmədəli QƏRİBLİ