Azərbaycanda işsizliyin minimuma endirilməsi sahəsində dövlət səviyyəsində müxtəlif işlər görülür, layihələr həyata keçirilir. “İşsizin dostu” proqramı da bu mühüm layihələrdən biri kimi fayda verməkdədir.
Yayılan rəsmi məlumatlara görə, Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Məlumatlara görə, “İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq, hazırda isə elektron proqram təminatı üzərində son tamamlama işləri aparılır.
Ruslan Atakişiyev: “İşsizlərin əməyindən ictimai işlərdə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir”
İqtisadçı Ruslan Atakişiyev hesab edir ki, “İşsizin dostu” proqramı Azərbaycanda işsizlərin və işaxtaranların sayının azalmasına səbəb olacaq. R.Atakişiyevin sözlərinə görə, iş tapa bilməyən insanların bu proqrama cəlb edilməsi, onların bacarıqlarının ictimai işlərə uyğunlaşdırılması olduqca əhəmiyyətlidir. “Ümumiyyətlə, işsizlərin və işaxtaranların işlə təmin olunması məsələsi bir neçə istiqamətdə həyata keçirilir. Təbii ki, bunlardan biri işsizlərin qeydiyyata alınmasıdır, onların aktiv şəkildə iş axtarmağa təşviq olunmasıdır. Bu proqramda diqqətçəkən məqamlardan biri işsizlərin peşə hazırlığının artırılması və onların müasir standartlara uyğun işçilər kimi formalaşdırılmasıdır. Özəl sektorda işlə bağlı xüsusi tələblər var ki, onlar o tələblərə cavab verən işçiləri işə götürürlər. Bu da məcburi qaydada işsizlərin işə götürülməsinin təmin edilməsinə xidmət etmir. Ona görə də “İşsizin dostu” proqramı çərçivəsində işsizlərin və işaxtaranların əvəzi ödənilən ictimai işlərə cəlb edilməsi amili işsizliyin aradan qaldırılmasına böyük köməklik göstərir”.
Xarici təcrübədən misal çəkən R.Atakişiyevin sözlərinə görə, İngiltərədə belə bir təcrübə var ki, evdə xəstə uşağa baxanlara sosial işə görə vəsait ödənilir. O vurğuladı ki, Azərbaycanda da “Sosial Sifariş Haqqında” Azərbaycan Respublikasının Qanunu var. Bu da birbaşa sosial sifarişlərlə bağlıdır. “Məsələn, Avropda ictimai işlərə cəlb edilən insanlar yolları təmizləyir, zibilləri yığır, ağaclar əkir, parklara baxır və s.
Bilirsiniz ki, Azərbaycanda artıq minimum əməkhaqqı 250 manatdır və ictimai işə cəlb edilən işsizlər, işaxtaranlar, ən azından, ayda 250 manat əməkhaqqı alacaqlar, bu da onların həyat şəraitinə müsbət təsir göstərəcək. 40 minədək vətəndaşın “İşsizin dostu” proqramı çərçivəsində ictimai işlə təmin edilməsi müsbət sosial-ictimai hadisədir.
Bura o şəxslər cəlb edilir ki, onların müasir bazar tələblərinə cavab vermək üçün fiziki, əqli göstəriciləri imkan vermir. Lakin həmin insanlar ictimai işlərdə çalışmaqla öz sosial vəziyyətlərini düzəldəcəklər, eyni zamanda, faydalı işlərlə məşğul olacaqlar. İşsizlərin əməyindən ictimai işlərdə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu insanlar parklarda, yollarda, başqa ictimai əhəmiyyət daşıyan yerlərdə işləyəcəklər”.
R.Atakişiyev vurğuladı ki, ölkə başçısının təşəbbüsü ilə reallaşan bütün sosial-ictimai layihələr, proqramlar əhalinin sosial rifahının yüksəlməsinə səbəb olub.
İradə SARIYEVA