Dönər adlanan yeməklə bağlı problemlər barədə çox deyilir, hazırlanmasındakı nöqsanlardan tutmuş, insan həyatı üçün təklükəsinə qədər, hər şeyindən yazılır, danışılır. Son zamanlar isə dönərlərdən zəhərlənmə halları çoxalıb. Dönər hazırlanan zaman istifadə olunan ətin keyfiyyəti və onun hazırlanma texnologiyasının standartlara cavab vermədiyi dəfələrlə müzakirə olunub.
Bununla yanaşı, dönər satışında yaşanan problemlərdən biri də adıçəkilən təamın yol kənarında hazırlanmasıdır. Demək olar ki, istər paytaxt Bakı, istərsə də bölgələrdə küçələrdə dönərxanalar fəaliyyət göstərir. Həmin yerdə insanların ayaqlarının altından qalxan tozdan tutmuş, maşınlardan çıxan tüstüyə qədər, hamısı dönərin üstünə hopur.
Təəssüf ki, çox adam da ucuz başa gələn, yol kənarında satılan müxtəlif növ dönərlərə üstünlük verir. Ancaq çoxlarımız bu ayaqüstü yeməyin gigiyenik normalara cavab verməməsinin fərqində deyilik.
Ekspertlər təklif edirlər ki, dönər də daxil olmaqla, bütün yeməklər sanitar qaydalara əməl olunan qapalı yerlərdə hazırlansın və satılsın.
Eyyub Hüseynov: “Yol kənarında, avtobus dayanacağının yaxınlığında fəaliyyət göstərən dönərxanalar ya bağlanmalı, ya da onların qapalı yerdə fəaliyyət göstərmələrinə dair tələb qoyulmalıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirdi ki, normativlərə cavab verməyən dönərxanalar bağlanmalıdır. Yol kənarında, avtobus dayanacağının yaxınlığında fəaliyyət göstərən dönərxanalar ya bağlanmalı, ya da onların qapalı yerdə fəaliyyət göstərmələrinə dair tələb qoyulmalıdır: “Azərbaycanda dönərlər cəld yeməklər ("fast food") sırasındadır. Cəld yeməklər isə insan orqanizmi üçün ziyanlıdır. Bu cür təamlar yaxşı həzm olunmadığı üçün piylənməyə gətirib çıxarır”.
E.Hüseynov da hesab edir ki, dönərxanalar təhlükəli, antisanitar və qaz alovunun ətə dəyərək zəhərli maddələr əmələ gətirdiyi qida istehsalı sahəsidir: "Mərkəzi Avropa ölkələrində də dönərxanalar var. Orada dönərxanalarda ət elektriklə, Azərbaycanda isə açıq qaz alovu altında bişirilir. Qaz kimyəvi bir maddədir. Onun da bişən ətə hopması zəhərlənmələrə gətirib çıxarır. Ani zəhərlənmə olmasa da, tədrici zəhərlənmə halları baş verir. Əsasən gənclərin yediyi bu yemək əlavə qatqıların olduğu, o cümlədən, genetik modifikasiya edilmiş kartofların, ketçupların qatıldığı qidadır. Üstəlik, dönəri hazırlayanların əksəriyyəti sanitariya qaydalarına əməl etmir".
Adil Qeybulla: “Yol kənarlarında, kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür”
Tibbi ekspert, professor Adil Qeybulla bildirdi ki, bu gün dönərxanalardakı vəziyyət acınacaqlıdır. Xüsusilə yol kənarında balaca obyektlərdə fəaliyyət göstərən dönərxanalar antisanitariya qaynağıdır. Həmin dönərxanalarda satılan qida sağlamlıq üçün əsl təhlükə mənbəyidir. Yol kənarlarında, kafelərdə sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür.
Günel CƏLİLOVA