Artıq müəyyən müddətdir Azərbaycana müxtəlif ölkələrdən gələn miqrantların sayı artan xətt üzrə inkişaf edir. Son dövrlərdə isə ölkəmizə gələn miqrantların sayı gedənlərin sayını bir neçə dəfə üstələyir. Eyni zamanda, Azərbaycandan miqrasiya edənlərin sayında ciddi azalma qeydə alınır. Son aylarda isə Azərbaycana gələnlərin sayı gedənlərlə müqayisədə 3 dəfə çox olub.
Statistik rəqəmlərə görə, Azərbaycanda 2018-ci ildə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı 30 mindən bir qədər çox olub. Məlumatlara görə, Azərbaycana işləmək üçün gələn xaricilər arasında hindistanlılar üstünlük təşkil edir.
Azər Allahverənov: “Hindistanlılarla yanaşı, Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları da ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olurlar”
Miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işləmək üçün ölkəmizə gələn xarici vətəndaşların sayı artıb: “2015-ci ildə Azərbaycana işləmək üçün gələn hindistanlıların sayı 624 olub. 2016-2017-ci illərdə isə bu rəqəm 2000-dən çox olub. Hindistanlılarla yanaşı, Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları da ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olurlar. Bununla yanaşı, Özbəkistan və İran vətəndaşları qeydiyyatda olan əcnəbilər siyahısındadırlar. Məlumat üçün bildirim ki, 100 dən çox ölkənin vətəndaşı Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olur”.
Ekspert onu da vurğuladı ki, ölkəmizə işləməyə gələnlərin sayı ildən-ilə artır: "Təqribən yeddi minə yaxın əcnəbi əmək kvotası çərçivəsində əmək fəaliyyəti ilə məşğul olub. Amma Azərbaycanda işləyən xaricilərin digər bir qismi isə əmək kvotasından kənar çalışır. Faktiki olaraq, belələrinin sayı 30 mindən artıq olub. Bunun kütləvi hal aldığını demək olmaz. Çünki Azərbaycanın əmək bazarında kifayət qədər ciddi rəqabət var. Həm də qanunvericiliyimiz ilk növbədə yerli mütəxəssislərin işlə təmin olunmasına şərait yaradır. Yerli bazarda bu və ya digər vakansiya yerinə mütəxəssis tapılmadığı halda əcnəbi işçilərə üz tutulur.
Azərbaycanda daha çox tikinti sektorunda, neft-qaz və xidmət sahəsində əcnəbilər əmək fəaliyyəti ilə məşğul olurlar. Amma son zamanlar kənd təsərrüfatı sahəsində də aqronom və digər vəzifələrdə işləyən əcnəbilərə də rast gəlirik".
Günel CƏLİLOVA