Əmək bazarında qısa müddət ərzində peşəkar ixtisaslı kadrlara çevrilmək istəyən gənclərimiz peşə təhsilinə daha çox üstünlük verirlər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, 2019-2020-ci tədris ilində dövlət peşə təhsili müəssisələrinə qəbul olunanlar daha çox aşpaz ixtisasına üstünlük veriblər. Peşə təhsilinə yiyələnənlər arasında elektrik qaz qaynaqçısı, kompyuter operatoru, aqroservis mütəxəssisi, xalçaçı, əməliyyatçı-mühasib, elektrik montyoru, mehmanxana inzibatçısı, bitkiçilik mütəxəssisi ixtisasları seçənlər də az deyil.
Qeyd edək ki, əvvəllər peşə təhsili müəssisələrinə qəbul olunanlar qaynaqçı, dərzilik, elektrik monytoru ixtisaslarına üstünlük verirdilər. Ancaq indisə üstünlük aşpazlıq sahəsində cəmləşib. Maraqlıdır, gənclərin aşpazlıq sahəsinə maraq göstərməsinin səbəbi nə ilə bağlıdır?
Tahir Əmiraslanov: “Aşpazlıq ixtisasına malik olanlar iş sarıdan əziyyət çəkmirlər”
Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün aşpazlıq ixtisasına maraq yüksəkdur. Bunun müxtəlif səbəbləri var: “İlk növbədə bildirim ki, son zamanlar Azərbaycan turizminin inkişaf etməsi restoran otellər şəbəkəsinin genişlənməsinə səbəb olub. Restoran biznesinin inkişaf etməsi aşpazlara tələbatı artırır. Aşpazlıq ixtisasına malik olanlar iş sarıdan əziyyət çəkmirlər. Onlar ya otel, ya da restoranlarda öz ixtisası üzrə fəaliyyət göstərə bilirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, aşpazlıq ixtisasına marağın artması səbəblərindən biri də uzun illərdir bu sahənin vacibliyi barədə aparılan təbliğat işidir. Görülən işlər sayəsində bu gün aşpazlıq ixtisası şöhrətli peşələrdən biridir: “Öz işinin peşəkarı olan şəxslərə bu gün tələbat yüksəkdir. Restoranlar peşəkar kulinar və aşpazı yüksək dəyərləndirirlər. Çünki o aşpazın hazırladığı dadlı təamlar sayəsində restorana gələn müştərilərin sayı artır. Danılmaz faktdır ki, bu gün Azərbaycan mətbəxinin şöhrəti dünyaya səs salıb. Ölkəmizə xaricdən gələn qonaqlar restoranlarda xarici mətbəxin təamını deyil, milli yeməkləri dadmağa üstünlük verirlər”.
Günel CƏLİLOVA