Xəbər verildiyi kimi, Azərbaycanda spirtli içkilərin təhlükəsizliyi ilə bağlı sənəd hazırlanır. Qeyd edək ki, hazırda AQTA və AQTİ bitki və heyvan mənşəli qida məhsulları üçün mövcud beynəlxalq standartlar nəzərə alınmaqla sanitariya norma və qaydalarını, gigiyena normativlərini işləyib hazırlayırlar.
Bu proses çərçivəsində Azərbaycanda istehsal olunan və idxal edilən şərabçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinin əks olunduğu "Spirtli içkilərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair tələblər" sənədi üzərində iş gedir. Yeni sənədə əsasən, Azərbaycanda spirtli içkilərin təhlükəsizliyi və keyfiyyəti ilə bağlı sənəd hazırlanacaq.
Maraqlıdır, əvvəllər bu sahədə Azərbaycanda vəziyyət necə idi? Spirtli içkilərin təhlükəsizliyi və keyfiyyəti lazımi səviyyədə olubmu?
Eyyub Hüseynov: “Bakı ətrafında bəzi firmalar heç bir üzüm plantasiyası olmadan, qarışıq mayelərdən spirtli içkilər hazırlayıb əhaliyə təklif edirlər”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, spirtli içki sektorunda vəziyyət xoşagələn deyil: “Azərbaycanda içkilər bazarı həddindən artıq çirklənmiş bir sektordur. Əhali bilməlidir ki, araqların satış şəbəkələrində saxlanma müddəti bir ildən artıq olmamalıdır.
Ümumiyyətlə, əhali bilməlidir ki, araqların satış şəbəkəsində saxlanma müddəti 1 il, konyaklar 3 il, şərablar isə 6 aydır. O mala üstünlük versinlər ki, onun üzərində buraxılma tarixi və son yararlılıq müddəti var. Bütün hallarda, istehlakçı zəhərlənərsə, təhlükəli bir qida və ya spirtli içki aşkarlayarsa, Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyinə, istehlakçı hüquqları pozularsa, o zaman Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsinlər.
Onu da deyim ki, 95 faiz araqların üzərində buraxılma tarixi, yararlılıq müddəti yoxdur. Ölkənin əmtəə bazarında hətta xaricdən gətirilən arzuolunmaz içkilər kifayət qədər çoxdur. Təəssüflər olsun ki, Bakı ətrafında bəzi firmalar heç bir üzüm plantasiyası olmadan, qarışıq mayelərdən spirtli içkilər hazırlayıb əhaliyə təklif edirlər. Onu da bildirim ki, xarici ölkələrdən də Azərbaycana kifayət qədər keyfiyyətsiz spirtli içki gətirilir. Bununla yanaşı, şadlıq evlərinin zirzəmilərində saxta spirtli içkilər hazırlanır. Ucuz başa gəlsin deyə, xüsusi menyu tərtib edilir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ilk növbədə spirtli içkilər bazarındadır: “Düşünürəm ki, bu sahəyə nəzarət funksiyası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Əhaliyə standartlara uyğun olmayan və müxtəlif brendlərlə qablaşdırılmış spirtli içkilər satılır. Bu xüsusən də şadlıq evlərində geniş yayılıb”.
Günel CƏLİLOVA