Son bir neçə gündə dalbadal bir neçə ciddi yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb. Bu nəqliyyat hadisələrində xeyli ölən və yaralananlar olub. Məlumatlara görə, havaların isti keçdiyi dönəmdə avtomobil qəzalarının sayı artır. Səbəb isə sadədir.
Mütəxəssislərə görə, isti havaların insan orqanizminə təsiri insanlarda stresə səbəb olan kortizon hormonunu artırır. Bu da sürücülərin yollarda daha aqressiv davranması ilə nəticələnir. Həmçinin, səfərdən qayıdanlar yorğun halda sükan arxasına keçdikləri üçün yol qəza hadisələri baş verir. Statistik rəqəmlərə əsasən, avqust ayının 25 günündə respublikanın avtomobil yollarında 61 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatda qeyd olunur ki, baş vermiş yol qəzaları zamanı 68 nəfər ölüb, 48 nəfər isə xəsarət alıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə respublikanın avtomobil yollarında 110 yol qəzası baş verib. Qəzalarda 51 nəfər ölüb, 203 nəfər isə yaralanıb.
Avqust ayı bitməmiş, bir ay ərzində 61 yol nəqliyyat hadisəsinin baş verməsinin səbəbi nə ilə bağlıdır? Ekspertlər bildirir ki, yay fəslində baş verən yol qəza hadisələrinin sayı digər fəsillərlə müqayisədə artıq olur.
İlqar Hüseynli: “…bəzi nəqliyyat vasitələrinin standartlara uyğun olmaması…”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, isti havalarda yol nəqliyyat hadisələrinin artmasına səbəb bəzi nəqliyyat vasitələrinin standartlara uyğun olmamasıdır: "Bəzi avtomobillərdə kondisionerlərin olmaması, isti nəticəsində yaranan yuxu, yorğunluq, tələskənlik qəzalara səbəb olur. Yorğun, yuxulu halda yola çıxmaq olmaz. Bütün polis postlarında sürücülərin istirahət etməsi üçün şərait yaradılıb. Yorğunluq hiss edilən zaman bu postlara yaxınlaşaraq su içmək, dincəlmək mümkündür. Bəzi avtomobilləri standartlara uyğun olmayan sürücülər polis saxladığı zaman bunu imkansızlıqla əlaqələndirirlər. Unudurlar ki, belə avtomobillərlə yola çıxmaq həm onların özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir".
Həmsöhbətimiz onu da vurğuladı ki, bəzi xroniki xəstəliyi olan insanlar isti havalarda sükan arxasında özünü pis hiss edir: "Sürücüdə təzyiq, ürək çatışmazlığı varsa, kondisioner olmayan avtomobillə yola çıxmamalıdır. Çünki istidən bu xəstəlik kəskinləşə bilər. Bu zaman sürücü idarəetməni itirir və qəza baş verə bilər".
Ekspertin sözlərinə görə, yay aylarında qəzaların artmasına digər səbəb sürücülərin sərxoş halda avtomobil idarə etməsidir: "İstirahət mərkəzinə gələn və ya oradan çıxan sürücülərin əhvalı yaxşı olur, içkili olurlar. Bu da qəzaların baş verməsinə səbəb ola bilər". Günel CƏLİLOVA