Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov rəsmi qəzetlərdən başsağlığı elanlarının yığışdırılacağını açıqlayıb. Deputat açıqlamasında deyib ki, “Dini etiqad azadlığı və dini qurumlar haqqında” yenidən işlənən qanun layihəsində bu məsələ nəzərdə tutulur:
“Rəsmi şəxslərdən başqa, cənab Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.
S.Novruzov indiyə qədər tətbiq olunan qaydaların yığışdırılması zərurətindən də danışıb: “Yazılır ki, filankəs ölüb. Allah rəhmət eləsin! Ölüb-ölüb də. Rəsmi adamdırsa, bu başqa məsələ. Dövlət başçısı buna başsağlığı verir. Necə ki, haradasa zəlzələ, yaxud başqa ağır hadisə baş verəndə, çoxsaylı insan tələfatı olanda dövlətlərin başçıları bir-birinə başsağlığı verirlər, bu başqa şeydir. Ya da Azərbaycanın hansısa dövlət xadimi və ya mədəniyyət-incəsənət xadimi rəhmətə gedəndə dövlət başçısı bununla bağlı başsağlığı verir, nekroloq imzalayır. Bunlar fərqli məsələdir. Amma birinin qayınanası, qayınatası ölüb, Allah rəhmət eləsin, başsağlığı yarışı başlayır, qəzetin bir hissəsi belə şeylərə sərf olunur. Başsağlıqları növbəyə düzülür. Zəng elə, başsağlığı ver, daha bunu başqasına niyə elan edirsən ki? İndi biz istəyirik bunu qanuni formaya salaq”.
Rəsmi dövlət qəzetlərindən başsağlıqlarının yığışdırılması ilə bağlı səslənən qanunvericilik təşəbbüsünü necə dəyərləndirmək olar?
Azər Həsrət: “Bəzən insanlar öz itkilərini ağlamaq əvəzinə, yas məsrəfləri barədə düşünməyə məcbur olurlar”
Media eksperti Azər Həsərət “Bakı-Xəbər”ə bildirdi ki, bu mövzu barədə əvvəl heç düşünməyib: “Ancaq “Dini etiqad azadlığı və dini qurumlar haqqında” yenidən işlənən qanun layihəsində bu məsələnin də nəzərdə tutulmasını eşidəndə bir qədər fikirləşməli oldum. Məlumat Siyavuş Novruzov tərəfindən verilib. O, fəal deputatlarımızdandı, son 30 ildir siyasi proseslərin mərkəzindədir. Yəni belə şəxsin məlumatını mötəbər saya bilərik. Siyavuş Novruzov düz deyir ki, rəsmi dövlət qəzetlərində verilən başsağlıqlarının sayı həddən artıq çoxdur. Bundan başqa, hər arzu edən ödədiyi pulun müqabilində gəlib orda istədiyi adama başsağlığı verə bilirdi. Qanunvericilkdə bunun qadağan edilməsi ilə bağlı irəli sürülən təşəbbüsü dəstəkləyirəm. Yas mərasimlərində ehsan veriliməsinin yığcamlaşdırılması da zəruridir. Buna ayrı-ayrı yerlərdə təşəbbüslər olunub və gözəl nəticəsi var. Elə yerlər var ki, həmin təşəbbüs sona qədər baş tutmayıb. Çünki qanunvericiliklə tənzimlənmədiyi üçün hərə öz mənfəəti prizmasından çıxış edir. Bütün bu yeniliklər baş tutacağı tədirdə insanlarımız da bir qədər rahatlamış olacaq. Bizim etiqad etdiyimiz və yaslarımızı qanunlarına əsaslanaraq verdiyimiz İslam dini belə israfı və dəbdəbəni qəbul etmir. Uzun illərdi ki, sadə əhalimiz bundan əziyyət çəkir. Bəhsəbəhs o həddə çatıb ki, bəzən insanlar öz itkilərini ağlamaq əvəzinə, yas məsrəfləri barədə düşünməyə məcbur olurlar. Hətta elə olur ki, ailələr borca girib doğmalarına yas verməyə məcbur qalır ki, kimdənsə seçilməsin. Yeniliyin tətbiq edilməsi ilə bağlı irəli sürülən bütün fikirlərin qəbulunu zəruri sayıram”.
Məhəmmədəli QƏRİBLİ