Bakı Şəhər Baş Polis İdarəsi teleaparıcı Tarix Əliyevin (Tolik) polis haqqında iddialarına cavab verib.
İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Trend”ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyev “Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialar səsləndirib. Elşad Hacıyev bildirib ki, videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur: “Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”.
E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dəqiqləşdirilmə aparılmaqla yayımının təmin olunması jurnalistlərə tövsiyə edilir. Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir.