Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Abşeron rayonu “Masazır Park” Yaşayış kompleksində işləyən fəhlələr 1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir. Məlumata görə, 35 nəfər fəhlə xeyli vaxtdır sözü gedən tikinti şirkəti tərəfindən aldadılır. Ötür-ötürə salıb fəhlələrin maaşları verilməyib.
Bir müddət fəhlələrə 100-120 manat verib ümid veriblər, ancaq fəhlələrin tələblərinə baxmayaraq maaşları şirkət tərəfindən ödənilməyib. Fəhlələrə müxtəlif vədlər verilsə də heç biri yerinə yetirilməyib. Şikayətçilərin sözlərinə görə, “Masazır Park” Yaşayış kompleksindən onlara bildirilib ki, işlədikləri əmək haqları ay ərzində ödənləcək. Lakin üstündən 1 il 7 ay keçməsinə baxmayaraq, maaşdan heç bir xəbər yoxdur.
Tikintidə fəhlələrlə birgə çalışan, iş icraçısıYaşar Məmmədovun açıqlamasından məlum oldu ki, tikinti şirkətində özünü sədr müavini kimi təqdim edən, Vasif adlı şəxs onlara pul müqabilində mənzil söz verib. Yəni binadan hər hansı bir mənzil satışı həyata keçirilərsə, onların da maaşı ödəniləcək. Beləcə fəhlələrdə ümid yaradıblar ki, narahat olmayın. Lakin bunun da bir faydası olmayıb. Çünki bina yarımçıq olduğundan müştərilər orada mənzil almaqda maraqlı deyil. O da məlum oldu ki, “Masazır Park” şirkəti fəhlələrlə əmək müqaviləsi bağlamadan onları işlədib. Bu da onların işini bir az da çətinləşdirir.
Məsələ ilə əlaqədar bir neçə dəfə “Masazır Park” Yaşayış kompleksi ilə telefon əlaqəsi saxlamağa çalışsaq da zənglərə cavab verən olmadı. İndi 35 fəhlə qalıb çıxılmaz vəziyyətdə. Şirkət isə onların pulunu verənə oxşamır.
Sahib Məmmədov: “Ancaq bununla bağlı sanballı sübutları olmalıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, adıçəkilən şirkətin fəhlələri əmək müqaviləsiz işlətməsi və məvaciblərini verməməsi o demək deyil ki, şirkət məsuliyyətdən kənarda qala bilər: “Bununla bağlı fəhlələr Dövlət Əmək Müfəttişliyinə şikayət etməlidilər. DƏM bir araşdırma apara bilər və fəhlələrin orada işləməsi təstiqlənəndən sonra bir sıra tədbirlər görülə bilər. İşçilərlə əmək müqaviləsi olmadığına görə, sözügedən şirkəti cəriməliyə bilər. Eyni zamanda, tikinti şirkətindən əməkhaqlarının ödənilməsini tələb edə bilər. Bu zaman tikinti şirkəti əməkhaqlarının ödəməkdən imtina edərsə, onda məhkəməyə müraciət edilməlidir. Ona görə də məvaciblərini ala bilməyən 35 fəhlə birinci növbədə vəkil tutmalıdır. Orada işləmələrini sübut edən dəlilləri toplamalı, onlara nə qədər əməkhaqqının verilməsini nəzərdə tutan sənəd varsa onu da dəlillərə əlavə etməlidilər. Bütün bunları sistemləşdirib məhkəməyə müraciət etmək lazımdır. Fəhlələrin əmək müqaviləsi olmadan işlədilməsi o demək deyil ki, onlar məhkəməyə müraciət edə bilməz. Fəhlələr sözügedən şirkəti buna görə məhkəməyə verə bilər. Ancaq bununla bağlı sanballı sübutları olmalıdır. Birinci sübut etməlidilər ki, “Masazır Park” Yaşayış kompleksində işləyiblər. İkinci sübut etməlidilər ki, həmin müddətdə işləyiblər. Üçüncü sübut etməlidilər ki, həmin müddətdə onlara əməkhaqqı verilməyib. Dördüncü sübut etməlidilər ki, onlara verilməli olan əməkhaqqı bu qədər olmalıdır. Bax bunları sübut edən sənədləri, səs yazıları toplayıb məhkəməyə müraciət etmək lazımdır. Çıxış yolunu bunda görürəm”.
Vidadi ORDAHALLI