20/09/2019 23:07
728 x 90

Azərbaycanda banklar vətəndaşlara yaş həddinə görə ayrıseçkiliyə niyə son qoymur...

Fikrət Yusifov: “Bəzi banklar belə hesab edir ki, kredit götürənin yaşı çoxdursa, bu, vəsaitin geri qaytarılması məsələsində risqlər yaradır”

img

“Qanunvericilikdə bununla bağlı məhdudiyyət yoxdursa, o zaman bankların 65 yaşdan yuxarı vətəndaşlara kredit verməkdən imtina etməsi düzgün deyil”

Qanunvericilikdə pensiyaçılara kredit verilməsinə heç bir məhdudiyyət yoxdur. Ancaq banklar pensiya yaşında olan insanlara kredit verməkdən imtina edir. Son illərdə banklar bir çox 65 yaşından yuxarı pensiyaçılara kredit verməkdən imtina edib. Azərbaycanda kişilərin pensiyaya çıxma həddi 65 yaşa çatdırılıb. Belə çıxır ki, karyerasını başa vurmuş insan istədikdə bankdan borc götürə bilməyəcək. Bir müddət əvvəl Xaçmaz rayonunda belə bir hadisə baş verib. Belə ki, ticarət mərkəzlərindən birində 70 yaşlı Xaliddin İbrahimova 800 manat dəyərində məişət texnikasını almaq üçün kredit açmaqdan imtina ediblər. Dükanda olan bank nümayəndəsi şifahi şəkildə müştəriyə 65 yaşından yuxarı şəxslərə kredit verməyi qadağan edən qaydanın mövcudluğunu bildirib. İbrahimov bir neçə gün sonra soyuducunu kreditlə götürə bilib, lakin alqı-satqı onun qohumunun adına sənədləşdirilib. Ümumilikdə belə hallar çoxdur. Banklar hər vasitə ilə yaşı 65-dən yuxarı olan şəxslərə kredit verməkdən yayınır. Hansı ki, qeyd olunduğu kimi, qanunvericilikdə belə bir məhdudiyyətin tətbiq olunması nəzərdə tutulmayıb. Onu da qeyd edək ki, bank yaş və ya cins səbəbilə müştəriyə kredit verməkdən imtina edərsə, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etmək olar. Çünki bu addım Azərbaycan Respublikası Konstitusiyasının birbaşa pozulmasıdır. Bu halda hətta məhkəməyə də müraciət etmək olar. Bütün hallarda, bankların yaş həddinə görə vətəndaşları ayrıseçkiliyə məruz qoymasını ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, bankların 65 yaşdan yuxarı vətəndaşlara kredit verməkdən imtina etməsinin heç bir qanuni əsası yoxdur: “Qanunvericilikdə bununla bağlı məhdudiyyət yoxdursa, o zaman bankların 65 yaşdan yuxarı vətəndaşlara kredit verməkdən imtina etməsi düzgün deyil. Bəzi banklar belə hesab edir ki, kredit götürənin yaşı çoxdursa, bu, vəsaitin geri qaytarılması məsələsində risklər yaradır. Əslində bankların bu cür yanaşması düzgün deyil. Çünki yaşından asılı olmayaraq, bankdan kredit götürən hər bir şəxsin başına iş gələ bilər. Yaşından asılı olmayaraq insan nədənsə yüz faiz sığortalanmayıb. Ona görə də bankların bu ayrıseçkiliyini düzgün hesab etmirəm. Yaşından asılı olmayaraq vətəndaşlara kredit verilməlidir. Elə vətəndaş var ki, yüksək pensiya alır və ödəmə qabiliyyəti yüksəkdir. Nəzərə almaq lazımdır ki, pensiyaçılar aldığı təqaüdə uyğun kredit götürür. Ona görə də bütün bunları banklar nəzərə almalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər