20/09/2019 23:14
728 x 90

Məktəblilərimizin yeni formalarında hansı element dəyişiklikləri olacaq…

Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir”

img

Yeni tədris ilinin başlanmasına bir aydan az bir vaxt qalıb. Bu da məktəbli formaları ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Tədris ili yaxınlaşdıqca valideynlər övladlarına hansı çeşiddə, dizaynda məktəbli forması almalı olduğunu düşünürlər. Bu ərəfədə dövlət ümumtəhsil orta məktəblərində təhsil alan şagirdlərin geyim formasının dəyişəcəyi barədə xəbərlər yayılıb.

Məlumatlara görə, məktəbli formaları dəyişir. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir. Məlum olduğu kimi, artıq Təhsil Nazirliyində yeni vahid məktəbli formasının hazırlanması üçün işçi qrupu yaradılıb.

  • Etibar Əzimov: “Təklif edilir ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun”

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı artıq işçi qrupu yaradılıb. Onun sözlərinə görə, işçi qrupu tərəfindən hazırlanacaq yeni layihə üzrə məktəbli forması tikiləcək. E.Əzimovun sözlərinə görə, yeni məktəbli formasından şagirdlər 2020-2021-ci tədris ilində istifadə edəcəklər. 

E.Əzimovun sözlərinə görə, işçi qrupuna BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də daxildir. Müsahibimiz vurğuladı ki, təkliflər sırasında yeni hazırlanacaq vahid məktəbli formasının fəsillərə görə fərqli olması da var: “Yeni məktəbli geyimləri ilə bağlı nazirlikdə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən hazırlanacaq layihə bu il tətbiq olunmayacaq. Yeni məktəbli formaları 2020-2021-ci illərdə istifadəyə veriləcək. Bu tədris ilində isə şagirdlər əvvəlki məktəbli formalardan istifadə edəcəklər. Bizə Təhsil Nazirliyindən vahid məktəbli formasının yeni dizaynda hazırlanması ilə bağlı məktub daxil olub. Həmin məktubda bizim dizayner və konstruktorun da iştirak etməsi qeyd edilmişdi. Mən Təhsil Nazirliyində yeni dizaynda vahid məktəbli formasının hazırlanması ilə bağlı işçi qrupunun iclasında iştirak etdim. Orada bir sıra təkliflər öz əksini tapmışdı. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir. Təklif edilir ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun. Çünki yuxarı sinif şagirdləri əksər hallarda məktəbli forması geyinməyə maraq göstərmirlər”.

Yeni məktəbli formasının bu il hansı səbəbdən istifadəyə verilmədiyinə aydınlıq gətirən E.Əzimovun bildirdiyinə görə, bu ilə bu işi təbii ki, çatdırmaq olmaz. O bildirdi ki, gələn tədris ilinə qədər yaradılan işçi qrupu bu istiqamətdə çalışacaq, təklif olunan dizaynlar müzakirə ediləcək. “Yəqin ki, bizimlə yanaşı, başqa tikiş fabrikləri də bu müzakirələrdə iştirak edəcəklər. Bizim bu işdə təcrübəmiz daha çox olduğundan, BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də işçi qrupuna daxil edildi” - deyə o qeyd etdi.

  • Təhsil Nazirliyi: “Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır”

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək: “Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.

Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı işçı qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq”.

İradə SARIYEVA

Son xəbərlər