20/09/2019 23:09
728 x 90

Baş Prokurorluğun Mətbuat xidməti Qax və Qubada son günlərin iki intihar hadisəsini sensasiyaya çevirmək istəyənlərə ən dəqiq məlumatları verdi

img

Avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intahar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Eyni gündə Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxsin olmadığı, eləcə də mərhumun hər hansı şəxsə borcu olmadığı müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər