Məlum həqiqətdir ki, artıq hərtərəfli inkişafı ilə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb edə bilib. Amma Lerik rayonda bəzi səlahiyyət sahiblərinin gözlərini rüşvət pərdəsi tutduğu üçün sanki onlar bu inkişafı görmək istəmirlər.
Açığını deyim ki, Lerikdə vəzifə başında duranların çoxu ölkə başçısi İlham Əliyevin xalqın xoş güzəranı naminə qurub-yaratdıqlarına xələl gətirməkdən savayı bir iş görmür. Onların fəaliyyətsizliyi rayonda hərc-mərclik yaradır, hətta camaatı əyri yollara aparır.
Rayonun Hamarat, Daster, Bradi, Aküşəpeştə kəndləri təbiətin ən füsunkar guşəsində yerləşir. Bu yerlərin kəklikli yamacları, yaşıl meşə zolaqları, bənövşə qoxulu dərələr, sərin sulu bulaqları göz oxşayır. Daha doğrusu, təbiətin hər yaratdığı bu dörd kənddə daha gözəldir. Lakin təəssüf ki, rayonda olan özbaşınalıqdan istifadə edən bəzi nadan insanlar təbiətin sinəsinə sağalmaz yaralar vururlar. Yəni yuxarıda göstərdiyim təbiətin yaraşığı olan yerləri qanunsuz halda çəpərə salırlar. Elə bir vəziyyət yaranıb ki, indi dövlətin saxladığı örüşlərə də yaxın düşmək olmur. Vaxtilə 30 nəfərin istifadə etdiyi bulaq zəbt olunduğu üçün indi bir nəfərə məxsusdur. Çəpərlərin sayı o qədər çoxdur ki, bir kənddən digərinə gedən yollar bağlanıb. Meşə zolaqlarını, dərə kənarlarını hasara salanlar buralardan amansız halda istifadə edirlər. Qazanc xətrinə təbiətdə bitən yüzlərə cavan ağacın ömrünə son qoyulur. Halbuki, sovet dövründə dediyim həmin meşələrin əzgili, alçası, armudu, itburnusu və digər dərman bitkiləri ilə böyük ailənin ruzisi tapılardı.
Ümumiyyətlə, kəndlərin ərazilərində olan qanunsuz çəpərlər çox ağır dərddir. Çəpər sahiblərinin dediyinə görə, onlar tutduqları hər hansı əraziyə görə yuxarılara “həx” ( talış sözüdür, rüşvət mənasında deyilir) verirlər. Mənim deməyim odur ki, vaxtında əsaslı tədbir görülməsə, sonradan bu qorxulu uçurumdan qurtarmaq qeyri-mümkündür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü