24/10/2019 09:32
728 x 90

Bakıda ilanlar çoxalır – hətta “28 Mall”da ilan?

img

Yay fəslində ölkə ərazisində müşahidə olunan ilanların sayı artır. Bu hal daha çox bölgələrdə müşahidə olunurdu. Ancaq son günlər bölgələrlə yanaşı, paytaxt Bakı ərazisində də ilanlar görünməyə başlayıb. Məlumatlara görə, sürünənlər sinfinə aid olan adıçəkilən heyvan daha çox Dənizkənarı Milli Park ərazisində görünüb.

Bulvar ərazisində olanlar sürünənləri gördükləri barədə sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilir ki, bulvarda bir neçə yerdə ilanla rastlaşılıb. Bundan başqa, şəhərin müxtəlif yerlərində sürünənlərə rast gəlinib. Hətta ilanlar insanların gediş-gəliş etdiyi ərazilərə də dadanıblar. Vətəndaşlardan biri “28 Mall”da ilanla rastlaşıb. İlanı ticarət mərkəzinin avtodayanacağında görüblər.

Bakı bölgələrlə müqayisədə səhralıq ərazi deyil ki, paytaxtda sürünənlər qeydə alınsın. Əhalinin sıx toplaşdığı ərazidə ilanların nə səbəbdən görünməsini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.

  • Səbinə Bünyatova: “Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar”

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirdi ki, Abşeron yarımadası, o cümlədən, Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərindən çox olan iqlim zonası) olduğundan, burada ilanların yaşaması üçün çox əlverişli mühit var. Onun sözlərinə görə, Xəzər sahilində də ilanlara rast gəlmək adi haldır: “Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır. Çünki Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil".

  • Nuranə İsgəndərova: “28 Mall” ticarət mərkəzinə ilanın necə daxil olması…”

“28 Mall” ticarət mərkəzinə ilanın necə daxil olması sualımızı cavablandıran “PAŞA İnşaat” ticarət mərkəzlərinin marketinq meneceri Nuranə İsgəndərova qeyd etdi ki, bu onlar üçün də naməlumdur: "Çünki ticarət mərkəzində ayda iki dəfə zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlama işi aparılır. Ticarət mərkəzində fəaliyyət göstərən ərzaq mağazalarının və restoranların isə sertifikatı var. Biz güman edirik ki, ilan hansısa avtomobilin altında ticarət mərkəzinə gəlib. Çünki ilana parkinqdə rast gəlinib. Dərhal da ilan tutulub".

  • Telman Zeynalov: “Son zamanlar şəhərdə aparılan tikinti işləri ilə əlaqədar olaraq ilan yuvaları dağıdıldığı üçün sürünənlər şəhərə yayılıb”

Ekoloq Telman Zeynalov qeyd etdi ki, Bakı qapalı ərazi idi. Ancaq son zamanlar şəhərdə aparılan tikinti işləri ilə əlaqədar olaraq ilan yuvaları dağıdılıb. Nəticədə isə sürünənlər şəhərin istənilən yerində görünür. Şəhərdə aparılan tikinti işləri ilə əlaqədar olaraq Bakının müxtəlif ərazilərində ilan görünə bilər.

Günel CƏLİLOVA

Son xəbərlər