Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə Bakıda ictimai çəmərliklərin yaradılmasına başlanıb.
IDEA İctimai Birliyindən “Trend”ə bildirilib ki, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına başlanıb.
İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərliyiərazısındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Kömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.
Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.
Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulur.
“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyinin lazımi səviyyədə saxlanması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.