Son zamanlar istehlakçıların dükan və ya bazardan aldıqları yeyinti məhsulunun içərisindən xoşagəlməz nəsə çıxır. Gah bulkanın içərisindən şurup çıxır, gah tortun içərisində sellofan torba olur, ya da dəmir qırığı.
Bu günlərdə vətəndaş Zabratda “Rahat market”in daxilində yerləşən “AzCake” şirkətindən qoğal alıb. Lakin qoğalı kəsən zaman onun içərisində mismar olduğunu aşkar edib. Gördüyü mənzərədən təəccüblənən vətəndaş yaşadığı olayı sosial şəbəkədə paylaşıb.
“AzCake” şirkəti: “Vətəndaş bizə müraciət edərsə, biz istehsal prosesinin şəffaflığını, sanitar-gigiyenik qaydalara riayət olunduğunu elə onun özünə də göstərə bilərik”
Məsələ ilə bağlı “AzCake” şirkəti ilə əlaqə saxladıq. Şirkətin satış və kommersiya məsələləri üzrə məsul şəxsi “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu halla bağlı vətəndaş onlara heç bir irad və şikayət bildirməyib: “Bu məsələ ilə bağlı vətəndaş ancaq sosial şəbəkələrdə yazıb. Bizə heç bir irad və şikayət bildirməyib. Bunun həqiqətə uyğun olub-olmaması vətəndaşın müraciəti əsasında araşdırılmalı və aldığı məhsul laboratoriyaya verilməlidir. Lakin biz heç cür vətəndaşla təmas qura bilməmişik. Əgər vətəndaş bizə müraciət etsə, biz istehsal prosesinin şəffaflığını, sanitar-gigiyenik qaydalara riayət olunduğunu elə onun özünə də göstərə bilərik. Lakin heç bir halda vətəndaş bizlə əlaqə yaratmayıb”.
Eyyub Hüseynov: “Çox sayda şirkət var ki, onlar antisanitar şəraitdə un məmulatları bişirib satır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, çox sayda şirkət var ki, onlar antisanitar şəraitdə un məmulatları bişirib satır: "Hətta bizdə çörəyin içindən müxtəlif əşyalar çıxmasını sübut edən nümunələr də var. Bunlara içindən sap, "bolt", siçan quyruğu çıxanları misal göstərə bilərəm".
Həmsöhbətimiz onu da vurğuladı ki, malın istehsalı zamanı onun tərkibinə kənar nəsə düşürsə, o zaman həmin sexdə sanitar istehsaldan danışmaq olmaz. Belə sexlər bağlanmalı, ya da müasir texnologiyalarla işləməlidirlər.
Ekspert xüsusi olaraq bildirdi ki, istehlakçılar belə halla üzləşərsə, ya AİB-ə, ya da həmin sexə müraciət edərək problemin həllində qismən kömək edə bilərlər: "Biz də bu zaman aidiyyəti dövlət orqanlarına müraciət edərək məsələnin həlli yolunda işlər görürük".
Günel CƏLİLOVA