Ötən həftənin sonunda paytaxtda fəaliyyət göstərən supermarketlərin birindən alınan kolbasa istifadəyə yararsız imiş. Belə halla üzləşən Abbas Həsənli adlı vətəndaş kolbasanın fotolarını sosial şəbəkədə paylaşıb.
O, fikirlərini bu cür davam etdirib: "Mən hətta diqqətsizlikdən bunun "Halal nemət, 1000 bərəkət" məhsulu olduğunu düşünürdüm, sonra evdə baxdım ki, ümumiyyətlə, adını eşitmədiyim bir şirkətin məhsuludur. Adətən aldığım məhsulların son istifadə tarixini yoxlayıram, amma bunu yoxlamamış almışdıq və məhsulun üstündə "istehsal tarixi"nin qabağında, ümumiyyətlə, tarix yazılmamışdı”.
Qeyd edək ki, vətəndaşın təqdim etdiyi fotolarda kolbasanın “Kral” şirkətinə aid olduğu görünür.
Məsələ ilə bağlı gün ərzində “Kral” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, şirkətdən zəngimizə cavab verən olmadı.
Eyyub Hüseynov: “…insan orqanizmi üçün təhlükəli olan kimyəvi maddələr vurulur”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov təəssüf hissilə bildirdi ki, bəzi dükanlarda istifadə müddəti bitmiş məhsullar, o cümlədən, kolbasalar satılır. İstifadə müddəti bitmiş kolbasa məhsulu vitrindən çıxarılmadığı üçün satışa çıxarılıb. Heç nədən xəbərsiz olan istehlakçı aldığı məhsulun yararsız olduğunu görəndə təəccüb keçirib. Bu cür hallar tez-tez yaşanır. Satışda istifadə müddəti bitmiş məhsullar yetərincədir: “Burada günahı market və ya dükan sahibində axtarmaq lazım deyil. Bu işə nəzarət edən işçilər istifadə müddəti bitmiş məhsulu vitrindən götürmədikləri üçün xoşagəlməz hallar qeydə alınır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, ölkəyə idxal olunan kolbasa və digər ət məhsulları insan sağlamlığı üçün daha təhlükəlidir: “Kolbasaların uzunmüddətli saxlanması, isti və soyuq şəraitdə xarab olmaması üçün onların və digər ət məhsullarının tərkibinə insan orqanizmi üçün təhlükəli olan kimyəvi maddələr vurulur”.
Günel CƏLİLOVA