Müəllim olmaq istəyənlər üçün keçirilən qəbul imtahanlarının birinci mərhələsi başa çatdı. Müəllimlərin qəbul imtahanlarında 41288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46 faiz) uğur qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.
Məlumat üçün bildirək ki, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib. 41288 nəfərdən cəmi 3-nün maksimal nəticə göstərməsi ciddi müzakirələr yaradıb. Müəllim olmaq üçün imtahan verənlərin arasında 3 nəfərin maksimum bal toplaması ciddi narahatlığa səbəb olub.
Kamran Əsədov: “Məzunlarımızın bilik və bacarıqları dövrün tələblərinə, eyni zamanda, əmək bazarının tələblərinə uyğun deyil”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2009-cu ildən etibarən Azərbaycanda orta məktəblərdə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir: “Bunun üçün Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda pedaqoqlar iştirak etməlidirlər. 2009-cu ildən 2013-cü ilədək keçirilən imtahanlar fərqli idi və imtahan iştirakçıları ancaq ixtisasdan imtahan edilirdi. Bu format dəyişdi. Sonradan ora kurikulum və məntiq əlavə olundu. Hazırda müəllim işləmək istəyənlər imtahanda 60 test tapşırığını cavablandırır. Onlardan 40-ı ixtisaslarına uyğundur, 10 sual məntiq, 10 sual isə kurikulumdandır. Təəssüf hissilə qeyd edim ki, test tapşırıqları öncədən vəsait şəklində çıxmadığı üçün bu, imtahan iştirakçılarının hazırlığına mənfi təsir göstərir. Bəzi hallarda test tapşırıqları fərqli olur. Yəni dünya testologiyasına uyğun olmayan suallardır. Bu onu göstərir ki, bizim ali təhsil müəssisələrimiz əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirə bilmirlər. Məzunlarımızın bilik və bacarıqları dövrün tələblərinə, eyni zamanda, əmək bazarının tələblərinə uyğun deyil. Bu çox ciddi siqnaldır. Hesab edirəm ki, Təhsil Nazirliyi tərəfindən pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən universitetlərdə monitorinq aparılmalıdır. Təbii ki, onlar abituriyent deyil. Heç bir halda onların belə aşağı nəticələri olmamalı idi. Bu aşağı göstərici ciddi həyəcan siqnalıdır ki, bizim ali təhsilli məzunlarımızın bilik və bacarığı olduqca zəifdir. 41288 nəfərdən cəmi 3-nün maksimal bal toplaması acınacaqlıdır”.
Günel CƏLİLOVA