Məlum olduğu kimi, bir sıra nazirliklərin və komitələrin nəzdində ictimai şuralar fəaliyyət göstərir. Bu şuraların yaradılmasında məqsəd dövlət qurumları və ictimaiyyət arasındakı əlaqələri daha da yaxınlaşdırmaq, vətəndaşları narahat edən məsələləri həll etməkdir.
Azərbaycan ictimaiyyətinin tanınmış insanlarının da təmsil olunduğu bu şuraların fəaliyyəti daim müzakirə mövzusudur. Nazirliklərin nəzdində fəaliyyət göstərən ictimai şuralar özünü doğuldurmu?
Elçin Mirzəbəyli: “Bu şuraların arasında məqsədi, məramı nədən ibarət olduğu bəlli olmayanlar da az deyil”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, nazirliklərin nəzdində yaradılan ictimai şuraların fəaliyyəti ictimaiyyətin maraqlarına cavab verməlidir: “Nazirliklərin nəzdində olan ictimai şuraların eləsi var ki, onlar aktiv fəaliyyət göstərir, mütəmadi olaraq toplantılar keçirir, bu tədbirlər haqqında, burada müzakirə edilən məsələlər barədə ictimaiyyətə məlumatlar verirlər. Ancaq bu şuraların arasında məqsədi, məramı nədən ibarət olduğu bəlli olmayanlar da az deyil. Düşünürəm ki, ictimai şuralara yanaşmada müəyyən qədər qüsurlar var. Bu ictimai şuraların nə üçün yaradıldığı faktoru üzə çıxmalıdır. Əslində, Azərbaycanda nazirliklərin nəzdində ictimai şuraların yaradılmasında məqsəd vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi və dövlət qurumlarının vətəndaşlar üçün daha açıq, daha şəffaf hala gətirilməsindən ibarətdir. Amma təəssüflər olsun ki, bəzi hallarda ictimai şuralada yalnız bu və ya digər dövlət qurumunun xüsusi münasibət bəslədiyi insanlar təmsil olunurlar. Sonda isə bunun hər hansı bir effektiv nəticəsi ortaya çıxmır. Bu baxımdan, təbii, qüsurlu hallar da var. Amma bu mexanizmin Azərbaycan üçün yeni olduğunu və bu istiqamətdə zaman keçdikcə təcrübə qazanılacağını, problemlərin aradan qalxacağını düşünürəm” - deyə E.Mirzəbəyli qeyd etdi.
İradə SARIYEVA