Düzgün seçim uğurlu karyeranın başlanğıcıdır. Buna görə də abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar. Dünya ölkələrində texniki sahəyə aid olan ixtisaslar daha prestijli və uğurlu sayılır. Vaxtilə Azərbaycanda da texniki və humanitar ixtisaslara meyl edənlər üstünlük təşkil edirdi. Ancaq son illər bu sahədə vəziyyət dəyişib. Belə ki, müəllim işləmək istəyənlərin sayı ildən-ildə artır. Açıqlanan statistik rəqəmlərə əsasən, 55 minə yaxın şəxs müəllim işləmək üçün müraciət edib.
Təhsil naziri Ceyhun Bayramov media nümayəndələrinə açıqlamasında bildirib ki, son illər təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlər fəaliyyət göstərirlər. O, gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib: “Həmçinin, Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyent 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnib”.
Pedaqoq olmaq istəyən gənclərin sayının artdığını ekspertlər də təsdiq edirlər.
Məlahət Mürşüdlü: “Orta məktəblərdə proqramların dəyişməsi, müəllimlərin məvacibinin artması, eyni zamanda, pedaqoqlara verilən imtiyazlar...”
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bizimlə söhbətində bildirdi ki, müəllimlik şərəfli peşədir: “Ötən illərdən fərqli olaraq, artıq yüksək bal toplayanlar pedaqoq olmaq istəyirlər. Bu tendensiya getdikcə artır. Müəllimlik peşəsinə marağın artması olduqca müsbət haldır”.
Həmsöhbətimizin sözlərinə görə, orta məktəblərdə proqramların dəyişməsi, müəllimlərin məvacibinin artması, eyni zamanda, pedaqoqlara verilən imtiyazlar sayəsində onlar öz peşəsinə daha yaradıcı yanaşırlar: “Müəllimlər repetitor fəaliyyəti ilə məşğul olmaq imkanına malikdirlər. Repetitor kurslarında müəllimlər həm öz peşəkarlıq səviyyələrini yüksəldir, həm də maddi durumlarını yaxşılaşdırırlar”.
M.Mürşüdlü bildirdi ki, müəllimlik elə bir peşədir ki, bu sahəyə hər zaman ehtiyac duyulur və kadrlar iş sarıdan əziyyət çəkmirlər. Pedaqoqların iş sarıdan əziyyət çəkməməsi gənclərin qeyd olunan sahəyə maraq göstərməsinə səbəb olur: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda təhsilə önəm verilir. Bu səbəbdən də ölkəmizdə müəllimlik peşəsinə xüsusi qayğı göstərilməsi davam edəcək”.
Günel CƏLİLOVA