Azərbaycanda turizmin inkişafı üçün bir sıra addımlar atılır. Məsələn, dövlət proqramı qəbul edilir, bəzi ölkələrdə nümayəndəliklər açılır, təbliğat aparılır. Bütün bunlar ölkəyə daha çox turistin cəlb edilməsinə hesablanıb. Son illər bu sahədə görülən işlər öz bəhrəsini verməkdədir.
Belə ki, Azərbaycana ərəb ölkələrindən, Rusiya və Asiya ölkələrindən gələn turistlərin sayında artım müşahidə edilir.
Ölkəyə gələn turistlər paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tuturlar. Bəzi hallarda bölgələrdə turistlərə, xüsusən də ərəblərə xidmətlər daha yüksək qiymətlərlə təklif olunur. Belə bir məlumat yayılıb ki, bəzi bölgələrdə ərəb turistlərə qarpız 40 manat, pendir isə 20 manat dəyərində satılıb. Bu halın Azərbaycan turizminə mənfi təsir edəcəyini bildirənlər də var. Ancaq ekspertlərin sözlərinə görə, dünyada belə bir qayda var ki, istənilən ölkədə turistə məhsullar maya dəyərindən bir neçə dəfə artıq satılır. Bu artıq qəbul olunmuş qaydadır.
Elçin Rüstəmov: “Avropanın istənilən ölkəsində ərəb turistinə satılan hər hansı məhsul bir neçə dəfə yüksək qiymətə təklif olunur”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bildirdi ki, ərəblər maddi durumu yaxşı olan turistlər sırasında yer alır: “Tək Azərbaycanda deyil, Avropanın istənilən ölkəsində ərəb turistinə satılan hər hansı məhsul bir neçə dəfə yüksək qiymətə təklif olunur. Ərəblərin özləri heç vaxt qiymətdən narazılıq etməyiblər. Onlara qiymət nə təklif olunursa, o məbləği də ödəyirlər. Bu cür turistlərin turizmdən daxil olan gəlirin artmasında xüsusi rolu var. Nəzərə almaq lazımdır ki, turizm biznesdir. Bu sahə ilə məşğul olanlar da qazanc əldə etmək üçün məhsulu yüksək qiymətə təklif edirlər. Onu da bildirim ki, heç kim ərəbə qarpızı 40 manata məcburi satmayıb. Hər halda, qarpızın 40 manata turistə satılması şişirdilmiş rəqəmə oxşayır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, yerli vətəndaşlarımız hansısa ölkəyə səfərə gedəndə onlar da eyni halla üzləşirlər. Hətta qonşu Türkiyəyə belə istirahətə gedəndə adi dönər olduğu qiymətdən 5 dəfə artıq qiymətə azərbaycanlılara təklif olunur. Turist həmin qiymətə məhsulu alıb-almamaqda sərbəstdir.
Günel CƏLİLOVA