Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəzən isə analar körpələrinə ana südü ilə yanaşı, uşaq qidalarından da verirlər. Bu gün satışda müxtəlif növ və qiymətə uşaq qidaları mövcuddur. Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya var, bunun isə GMO komponenti olduğu deyilir.
Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı da bu cür qidaların insan orqanizminə ziyanı haqqında bəyanat yayıb. Bəyanat Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin uşaq qidalarının analizləri əsasında hazırlanıb. Bəyanatda bildirilir ki, hazırda dünya bazarında və satışda istehlakçılara təqdim olunan uşaq qidalarının çoxunun tərkibi yaxşı deyil, uşaqlara faydasızdır. Onlarda yüksək konsentrasiyada şəkər olduğundan, uşağın ağız dadını və qida vərdişini dəyişir, onu şəkərə alışdırır.
Uşaq qidalarının tərkibinin keyfiyyətli olmaması haqqında dəfələrlə yerli mütəxəssislər də öz fikirlərini və narazılıqlarını bildiriblər. Ancaq buna baxmayaraq, hələ də istənilən dükan və aptekdə süni uşaq qidalarının satışına rast gəlmək mümkündür.
Vaqif Qarayev: “Bazarda dəfələrlə vaxtı keçmiş uşaq qidalarına rast gəlinib”
Pediatr Vaqif Qarayev bildirdi ki, bazarda dəfələrlə vaxtı keçmiş uşaq qidalarına rast gəlinib: “Nəzarət çox mühümdür. Qida Təhlükəsizliyi Agentliyi var. Uşaq qidaları saxlanma şəraitinə əməl olunmaqla satılmalıdır. Dərmanlarla onların eyni şəraitdə saxlanması doğru deyil. Ümumiyyətlə, qida təhlükəsizliyi istənilən ölkənin prioritet məsələsidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, uşaq yeməklərində izafi miqdarda şəkər var: “Ona görə də uşaqlara bu yeməkləri vermək olmaz. Əvvəllər uşaqlarda çəki azlığı var idi, indi isə artıq çəki problemi var. Dünya mətbuatı “fast-food”ların xərçəng xəstəliyi yaratdığı ilə bağlı həyəcan təbili çalır. Bizdə isə evdən kənarda adi kartof qızartmasını uşağa bəh-bəhlə verirlər. Həmin şəbəkəni Avropa ölkələrində qadağan ediblər”.
Eyyub Hüseynov: “Süni uşaq qidalarının tərkibində soya mövcuddur”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, süni uşaq qidalarının tərkibində soya mövcuddur: “Körpə qidalarının keyfiyyətində problemlərin olduğu istisna edilmir. Qanunda da göstərilir ki, körpə qidalarının üçüncü ölkədən idxalı qadağandır. Birbaşa istehsalçıdan alınmalıdır. Ancaq biz görürük ki, Azərbaycana 3-cü ölkələrdən uşaq qidaları idxalı baş verir. O körpə qidasının ki, tərkibində soya komponenti var, bu, GMO komponentidir. Mən özüm bir dəfə soya südünü içmişəm. Onu bir dəfə içən insan ayrılmaq istəmir. Xəfif şirin dadı olur. Bir sözlə, əhali bilməlidir ki, mümkün qədər körpə qidalarından uzaq durmaq lazımdır”.
Günel CƏLİLOVA