23/08/2019 22:24
728 x 90

Narkotik məsələləri ilə bağlı Milli İnformasiya Mərkəzi nələri dəyişəcək?

img

Azərbaycanda narkoistifadəçilər barədə məlumatların yığılması üçün yeni qeydiyyat sistemi hazırlanacaq. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2019-2020-ci illərdə narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənib hazırlanmasını Səhiyyə Nazirliyi həyata keçirəcək.

Bundan başqa, bu il narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu işi Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu birgə həyata keçirəcək. Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılması bu sahədə hansı yeniliklərə səbəb olacaq?

  • Mehman Muradlı: “Yeni mərkəzin fəaliyyətindən sonra ölkəmizin bu sahədə olan reytinqi daha da artacaq”

Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, narkotiklərlə mübarizə qlobal problemdir: “Bilirsiniz ki, heç bir ölkə bundan sığortalanmayıb. Bu bəla ilə mübarizə kompleks yanaşma tələb edir. Yalnız polisin gücü ilə həmin zərərli vərdişlərin yox edilməsi mümkün deyil. Yeni yaradılan mərkəzdə bütün məlumatların toplanıb analiz olunacağı nəzərdə tutulur. Bura xəstələrin sayı və uçotundan tutmuş, digər vacib məlumatlara qədər zəruri olan bilgilər daxildir. Bir daha qeyd etmək istəyirəm ki, narkotiklərlə mübarizədə yalnız inzibati amillər mühüm rola malik deyil. Burada maariflənmənin də rolu böyükdür. Həmçinin, narkoticarətin və trafikin analizi, bu barədə məlumatların lazımi instansiyalara çatdırılması mübarizə metodlarını asanlaşdıra bilər. Sirr deyil ki, ölkəmiz narkotranzit üçün əlverişli coğrafi məkanda yerləşir. Bu da müəyyən işbazları burdan tranzit kimi istifadə etməyə cəlb edir. Ölkəmzin gömrük və hüquq-mühafizə orqanlarının səyi ilə belə halların qarşısı çox alınıb. Hesab edirəm ki, yeni mərkəzin yaradılması bütün bu hallarla mübarizəyə əlavə təkan verəcək. Bütün qurumlardan olan məlumatların vahid mərkəzdə cəmləşməsi yaxşı analiz üçün münbit şərait yaradır. Dəqiq məlumatlara əsaslanan təhlillər isə bizə həmin zərərli vərdişlərlə mübarizədə, narkotiklərin tranzitinin, satışının qarşısını almaqda kömək etmiş olacaq. Beynəlxalq qurumların hesabatında Azərbaycanın narkotiklərlə mübarizə sahəsində apardığı fəaliyyət yüksək qiymətləndirilir. Çünki ortada gərgin əmək və ondan doğan nəticə var. Ümidvaram ki, yeni mərkəzin fəaliyyətindən sonra ölkəmizin bu sahədə olan reytinqi daha da artacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər