23/08/2019 22:28
728 x 90

Qeyri-rəsmi nikahlar məişət zorakılığının mənbələrindən biri kimi - Azərbaycan praktikası…

“Kişilərin rəsmi nikaha girməməsi qadını çarəsiz vəziyyətə salır”

img

Kriminal xəbərlərin “şah əsərləri" ailə-məişət zorakılığı mövzusunda olur. Gün ərzində bu səpkidə bir neçə xəbərə rast gəlirik. Aparılan araşdırmalara görə, məişət zorakılığının əsas qurbanları qeyri-rəsmi nikahda olan qadınlardır. Bununla bağlı Azərbaycanda sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, məişət zorakılığına məruz qalan qadınların, demək olar ki, hər dörddən biri qeyri-rəsmi nikahda olanlardır.

Ekspertlər də hesab edirlər ki, qeyri-rəsmi nikahda olan qadınlar öz hüquqlarını qoruya bilmədikləri üçün, daim həyat yoldaşları və ya onun yaxınları tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalırlar.

  • Könül Vaqifqızı: “Qeyri-rəsmi nikahda olan qadınlar öz hüquqlarını qoruya bilmədikləri üçün, daim həyat yoldaşları və ya onun yaxınları tərəfindən zorakılığa məruz qalırlar”

Psixoloq Könül Vaqifqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qadınlar çox zaman sevdikləri üçün, yaşları nikaha çatmadığı üçün və bu kimi digər səbəblərdən rəsmi nikaha girmirlər. Sonradan isə bunun ağır fəsadlarını yaşayırlar: "Ailə qurarkən düzgün qərar vermək lazımdır ki, sonradan fəsadları yaşanmasın. Rəsmi nikah ailənin möhkəm olması üçün mütləqdir".

Həmsöhbətimiz onu da vurğuladı ki, kişilərin rəsmi nikaha girməməsi qadını çarəsiz vəziyyətə salır. Çünki rəsmi nikahı olmayan kişi çox zaman özünü məsuliyyətsiz hiss edir, ailəsinə baxmır, bu da ayrılıqla nəticələnir: "Ayrılan qadının heç bir hüququ olmur. Ona yaşadığı evdən heç bir pay düşmür. Əgər uşaq varsa, ancaq məhkəməyə verib, atalıq təyin edildikdən sonra uşaq üçün aliment ala bilir".

Psixoloq hesab edir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: “XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmaq lazımdır. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidirlər. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik? Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şey – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş, qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər