23/08/2019 00:48
728 x 90

Bakı çayxanalarında 1 çaynik çay, üstəgəl bir neçə qaşıq mürəbbə - 10 manat...

“Çayxanalarda qiymətlərin bu qədər baha olması istehlakçı hüquqlarının pozulması ilə bərabər, turizmin inkişafına da zərər vurur”

img

İsti yay günlərində əhalinin istirahət etmək üçün üz tutduğu məkanlardan biri də çayxanalardır. Bu məkanlarda cəmiyyətin müxtəlif zümrələrində təmsil olunan insanlara rast gəlmək olur. Yəni həm fəhlə, həm alim, həm ziyalı, həm məmur, həm də tələbələr çayxanalara üz tutur, söhbət edir, görüşlər keçirir və s.

Havaların isti keçməsi isə çayxanalara daha çox adamın gəlməsinə səbəb olur. Xüsusilə şəhərin mərkəzində və dənizkənarı milli parkdakı çayxanalarda insan əlindən tərpənmək mümkün deyil. Lakin bu məkanlarda təklif olunan çayın qiyməti çox bahadır. Yəni 10 manatdan aşağı deyil. Faktiki olaraq şəhərdəki çayxanalarda qiymətlər od tutub yanır.

Məsələn, Hüseyn Cavid parkında fəaliyyət göstərən çayxanada çayın qiyməti 8 manatdan aşağı deyil. Belə ki, başqa yerlərdə olduğu kimi, buradakı çayxanalarda da sadə çay verilmir, çay içmək istəyənlər mütləq çayın yanında nə isə sifariş verməlidirlər. Belə ki, 8 manatlıq çay dəsgahına 1 çaynik çay, limon və azaçıq mürəbbə daxildir. Əgər çayın yanında qəlyan və şirniyyat sifariş verilərsə, bu zaman çay müştəriyə 30 manata başa gəlir. Maraqlısı odur ki, 30 manatlıq çay dəsgahına daxil olan azuqələrin qiymətlərini ayrılıqda hesabladıqda əhalidən 3 qat artıq pul alındığı məlum olur. Qiymətlərin bu qədər baha olması çayxanaya gələnlərin də narazılığına səbəb olur. Ümumilikdə, şəhərdəki parklarda yerləşən çayxanalarda qiymətlərin bu qədər yüksək olmasının hansısa əsası varmı?

  • Eyyub Hüseynov: “Bu tamamilə anormal bir vəziyyətdir”

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, çayxanalarda bu cür anormal qiymətlərin heç bir iqtisadi əsası yoxdur: “Əvvəla tələb artanda qiymətlər yüksəlir. Ona görə də sahibkar özü baxır bazardakı vəziyyətə və buna uyğun qiymət təyin edir. Lakin bu sahədə ciddi problemlərdən biri çayxanalarda baha qiymətə çayın istehlakçılara təklif edilməsidir. Deyirlər ki, çayla mürəbbə götürməsən, çay verilməyəcək. Bu tamamilə anormal bir vəziyyətdir. Ümumiyyətlə, çayxanalarda qiymətlərin bu qədər baha olması istehlakçı hüquqlarının pozulması ilə bərabər, Azərbaycanda turizmin inkişafına da zərər vurur. Azərbaycan çayxanaları ilə fəxr edə bilər, amma gərək biznes qurumları hökumətin onlar üçün yaratdığı bu rahat şəraitdən sui-istifadə etməsinlər. Düşünürəm ki, dövlətin biznes qurumları, o cümlədən, çayxanalar üçün yaratdığı rahat şəraitdən sahibkarlar sui-istifadə edirlər. Nəticədə istehlakçı hüquqlarını pozurlar. Belə işlərdə biznes mədəniyyəti, mərifəti olmalıdır. Hökumətin apardığı siyasətə dəstək verməlidirlər ki, qiymətlər aşağı olsun. O cümlədən belə xoşagəlməz hallar olmasın”.

Vidadi ORDAHALLI

Son xəbərlər