07/12/2019 10:58
728 x 90

BDU rektorunun universitetlərarası piar rəqabəti təklifinə qarşı çıxanlar nə demək istəyir...

“Yeni rektorun məlum açıqlamasından belə başa düşdüm ki, bəzi universitetlər açıq rəqabətə yox, qara piara üstünlük verirlər”

img

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda konfransda çıxışı zamanı bir sıra məqamlara toxunub. Rektor bildirib ki, son aylar ərzində BDU-da aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır: “Buna açıq şəkildə müqavimət göstərənlər də var”.

E.Babayevin sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu rəqabət sağlam olmalıdır: "Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz, digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə, həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".

Bu il BDU-nun 100 ili qeyd olunduğunu xatırladan rektor qeyd edib ki, mətbuat və informasiya sahəsində işlərini yenidən qurmaq üçün digər təcrübələri öyrənirlər.

Qeyd edək ki, E.Babayev 4 aydır rektor təyin olunub. Bu müddət ərzində BDU-da bir sıra işlər görülüb. Laboratoriyalar və şöbələr birləşdirilib, yeni qurumlar yaradılıb və s.

Maraqlıdır, universitetlərin piar sahəsində rəqabətinin bəzən çərçivədən çıxması nə deməkdir?

  • Məhərrəm Zülfüqarlı: “Başqasına böhtan atmaq, başqasının reytinqini aşağı salmaq yolunu tuturlar”

Sözügedən məsələyə aydınlıq gətirən tarix üzrə elmlər doktoru, təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “Piar sözü ingilis sözündən götürülüb və mənası ictimaiyyətlə əlaqələr deməkdir. İctimaiyyətlə əlaqələri hər bir universitet qurmalıdır. Özü də reklamdan fərqli olaraq, piarda pul məsələsi yoxdur. Piar zamanı işi elə qururlar ki, əhali, ictimaiyyət özü müraciət edir həmin universitetə. Gərək universitetin reytinqi yüksək olsun. Yəni əhali universitetin müsbət cəhətlərini görməlidir və sonra ora gəlməlidir. BDU-nun yeni rektoru E.Babayevin məlum açıqlamasından belə başa düşdüm ki, bəzi universitetlər açıq rəqabətə yox, qara piara üstünlük verirlər. Yəni başqasına böhtan atmaq, başqasının reytinqini aşağı salmaq yolunu tuturlar. Fikrimcə, BDU-nun yeni rektoru rəqabətin bəzən çərçivədən çıxmasını deyərkən, bu məqama eyham vurub. Mənə elə gəlir ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu, qara piar formasında olmamalıdır. Hər bir ali məktəb mərdi-mərdanə öz təbliğat işini qurmalıdır. Digər tərəfdən, ortaya gərək müsbət iş qoyasan ki, sonra da piar aparasan”.

Vidadi ORDAHALLI

Son xəbərlər