23/08/2019 00:56
728 x 90

Polis veteranları cinayətlərin açılması prosesinə necə qoşulur...

“Daxili İşlər Nazirliyində Polis Veteranlar Şurası fəaliyyət göstərir və veteranlar da həmin şuranın üzvüdürlər”

img

Cinayətkarlıqla mübarizədə Azərbaycan polisi müsbət irəliləyişlərə nail olub. Son illər törədilən cinayətlərin polis tərəfindən üstünün “isti izlərlə” açılması halları geniş yayılıb. Polislərin cinayətkarlıqla apardıqları mübarizədə polis veteranları da onlara yaxından köməklik göstərirlər. 

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, bu il Azərbaycanda polis veteranlarının köməyi ilə 2564 cinayətin açılması təmin edilib.

DİN-dən verilən məlumata görə, polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə ərazi polis orqanlarının rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə müxtəlif təhsil müəssisələrində, DİN-in Polis Akademiyasında, eləcə də vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar. Onların təcrübəsi və peşəkarlığı cinayətlərin açılmasında mühüm rol oynayır.

Qeyd edilənə görə, ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanıb.

Polis veteranları cinayətkarlıqla mübarizəyə necə cəlb edilirlər?

  • Şəmsəddin Əliyev: “Polis veteranlarının məlumatlarından, təcrübəsindən yaxşı mənada istifadə edildikdə bağlı qalan saysız cinayətin üstü açılır”

 “Polisə Dəstək” İctimai Birliyinin sədri, sabiq hüquq-mühafizə işçisi, polis veteranı Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, polis veteranları hər zaman cinayətkarlıqla mübarizə sahəsində polisin yanındadırlar. Polis veteranlarının polisə yardımının cəmiyyət üçün qapalı qalan tərəf olduğunu deyən Ş.Əliyevin sözlərinə görə, bəzi qruplar belə düşünürlər ki, polis təqaüdə çıxdıqdan sonra polis orqanları ilə əlaqəni tamamilə kəsir. “Veteran polislərin cinayətkarlıqla mübarizə sahəsində polisə göstərdiyi dəstək hər zaman ictimaiyyət üçün qapalı qalır. Bu pərdəarxası məsələdir. Bəziləri elə hesab edirlər ki, polislər təqaüdə çıxdıqdan sonra onların polislə heç bir təması, əlaqəsi olmur. Amma elə deyil. Daxili İşlər Nazirliyində Polis Veteranlar Şurası fəaliyyət göstərir və veteranlar da həmin şuranın üzvüdürlər. Bu da veteran polislərin cinayətkarlıqla mübarizədə polisə dəstək verməsini təmin edir. Bakının hər bir rayonunda, eləcə də rayonlarda Veteranlar Şurasının özəkləri var. Ərazi üzrə qeydiyyatda olan veteranlar polis orqanlarının rəhbərliyinin təşəbbüsü ilə cinayətkarlıqla mübarizəyə qatılırlar. Onlar həm yaşadıqları ərazilərdə, həm də respublikanın bütün regionlarında cinayətkarlıqla bağlı kifayət qədər məlumata malik olan personalardır. Polis veteranlarının məlumat bazasından istifadə etmək lazımdır, edilir də. Görürsünüz ki, polis veteranlarının məlumatlarından, təcrübəsindən yaxşı mənada istifadə edildikdə bağlı qalan saysız cinayətin üstü açılır. Bu baxımdan, Azərbaycan Daxili İşlər Nazirliyi polis veteranlarının dəstəyindən faydalana bilər. Bu da cinayətkarlıqla mübarizədə öz sözünü deyir. Bu sahədə “Polisə Dəstək” İctimai Birliyinin də əməyi var” - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər