15/10/2019 18:35
728 x 90

Adi qızdırma ilə özəl klinikalara aparılan uşaqlara ən bahalı analizlər yazılır – sifilis, QİÇS, hepatit...

img

Azərbaycanda dövlət xəstəxanalarına güvənin azaldığı vaxtda valideynlər uşaqlarında bir xəstəlik görən kimi tez özəl klinikaya çatdırırlar. Onlar övladlarının xilası üçün hər şeyə hazır olurlar. Özəl klinikaların bir çoxu isə bundan istifadə edərək vətəndaşları aldadır. Belə ki, lazımsız analizləri xəstəyə "yükləyirlər”.

Adi hərarətin yüksəlməsi və ya soyuqdəymə ilə bağlı valideynlər uşaqlarını həkimə aparırlar. Özəl klinikalarda çalışan həkimlər isə daha çox qazanc əldə etmək üçün azyaşlı uşaqdan istifadə edirlər. Hərarəti yüksələn 3 yaşına kimi uşaqlardan lazımsız analizlər götürülür. Acınacaqlı hal odur ki, körpə uşaqlardan QİÇS, hepatit və sifilis analizi götürülür. Beləliklə, həm uşaqdan lazımsız yerə qan alınır, həm də valideyn boş yerə adıçəkilən xəstəliklər üçün pul ödəməli olur. Məlumdur ki, hepatit, sifilis və QİÇS xəstəlikləri üçün analizin qiyməti olduqca bahadır.

  • Aytən İsmayılzadə: “Əksər özəl xəstəxanada körpə uşaqlardan lazımsız analiz götürülür”

Bioloji Təbabət Klinikasının həkimi, pediatr Aytən İsmayılzadə bildirdi ki, əksər özəl xəstəxanada körpə uşaqlardan lazımsız analiz götürülür: “Bu yaxınlarda 3 yaşlı pasiyentin valideyninin mənə göndərdiyi analiz nəticələrini görəndə dəhşətə gəldim. 3 yaşlı uşağın hərarəti 39,5-ə qalxıb. Uşaq özəl klinikaya aparılıb. Uşaqdan analizlər götürürlər ki, virusdan şübhələnirik. Sonra palataya keçirib, venadaxili infuziya edirlər. Ana ilə əlaqə saxlayıb, analizin nəticələri ilə maraqlanıram. Ananın göndərdiyi testlərlə tanış olanda dəhşətə gəldim. 3 yaşlı uşaqda Hepatit B, C, QİÇS, sifilis, sitomeqalovirusun hər 2 forması yoxlanıb. Bu analizləri körpə uşaqlar üzərində etməyin məqsədi nədir? Pula görə azyaşlı uşaqları və onların valideynlərini bu qədər təlaşlandırmağa nə lüzum var? Bu xəstəliklərin adı insanları təlaşlandırır. Övladının hepatit, sifilis və ya QİÇS daşıyıcısı olduğunu ehtimal edənlər nə hala düşürlər? Özəl xəstəxanalarda uşaq üçün əməliyyat paketinə daxil olan bu analizləri etməkdə məqsədləri nədir? Bu sualı özəl xəstəxanada çalışan şəxslərə ünvanladım. Onlar isə cavabında bildirdilər ki, uşağa sistem vurulur və palatada yatdığı üçün bu analizlər paketə daxildir. Maraqlıdır, hər sistemə gələn paketə daxil analiz edilir?”.

Günel CƏLİLOVA

Son xəbərlər