24/07/2019 01:21
728 x 90

Şəhər avtobuslarının üstündəki “dezinfeksiya olunur” yazısına inanaqmı…

“Sərnişindaşıma xidmətlərini həyata keçirən avtobusların əksəriyyətində təmizlik işləri aparılmır”

img

Sərnişindaşıma ilə məşğul olan avtobusların içərisində gündəlik olaraq təmizliyin aparılması sərnişinlərin təhlükəsizliyi üçün çox vacib şərtlərdəndir. Amma çox təəssüf ki, bu gün paytaxtımızda sərnişindaşıma sahəsində fəaliyyət göstərən bir sıra avtobuslarda nəinki təmizlik işləri aparılmır, hətta bu avtobusların içərisində müxtəlif məişət tullantılarını, siqaret kötüklərini, oturacaqlarda isə illərdən bəri yığılan çirk və toz qalıqlarını aydın şəkildə görmək olur.

Halbuki, avtobus şüşələrinin üzərində “hər səhər dezinfeksiya olunur” cümləsi yazılır. Ancaq avtobuslar nəinki hər səhər, heç həftədə, ayda bir dəfə də olsun təmizlənmir. Ancaq bu hal təkcə “Baku Bus” MMC-yə məxsus olan daşıyıcılarda müşahidə olunmur. Çünki “Baku Bus” avtobusları hər zaman təmiz və səliqəli olur. Natəmiz vəziyyət isə sərnişindaşıma ilə məşğul olan köhnə daşıyıcılarda müşahidə olunur.

  • Azər Allahverənov: “... lisenziyası əlindən alınsın”

Məsələ ilə bağlı məlumat verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sərnişindaşıma xidmətlərini həyata keçirən avtobuslarda təmizlik işləri aparılmır. Xüsusilə də yay fəslində natəmizliyin geniş vüsət aldığı müşahidə olunur: “Bəllidir ki, avtobusda gün ərzində 100-lərlə sərnişin daşınır. Daşınan sərnişinlər arasında elələri ola bilər ki, o, avtobusun içərisini səliqəsiz hala salsın. Bu kimi hallar dəfələrlə yaşanır. Ancaq buna baxmayaraq, avtobuslar hər səhər sanitar-gigiyenik qaydalara uyğun təmizlənməlidir. Hər bir sərnişindaşıma xidmətini həyata keçirən şirkət rəhbəri avtobusların təmizliyinə cavabdehdir. Ancaq reallıqda isə avtobuslar dezinfeksiya olunmur. Mütləqdir ki, sərnişindaşıma xidmətini həyata keçirən şirkətin maddi-texniki bazası olsun. Avtobusların saxlanması üçün xüsusi qarajlar olmalıdır. Məlumat üçün bildirim ki, bu gün 40-dan çox daşıyıcı şirkət var. Ancaq o daşıyıcı şirkətlərdən yalnız onunun maddi-texniki bazası var. Digərlərinin isə qarajı yoxdur. Məlumdur ki, qaraj və xüsusi prosedurları yerinə yetirə biləcək şəxs olmadığı halda, avtobus xəttə sanitar-gigiyenik tələblərə cavab verməyən durumda buraxılır. Bu səbəbdən də aidiyyəti qurumlar maddi-texniki bazaya malik olmayan daşıyıcı şirkətlərin avtobuslarına qarşı yanaşma tətbiq etməlidirlər. Məsələ qaldırılmalıdır ki, tələblərə cavab verməyənlərin lisenziyası əlindən alınsın”.
Günel CƏLİLOVA

Son xəbərlər