Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın Ali Audit Qurumları birgə Anlaşma Memorandumu imzaladı

11 iyul 2019-cu il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyilə Gürcüstanın paytaxtı Tiflis şəhərində “BMT-nin 2030-cu il Gündəliyinin məqsədlərinin nail olunmasına nəzarət üçün Şərq Tərəfdaşlığı ölkələrində Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.
Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Layihənin açılış mərasimində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GİZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmi şəxsləri çıxış edib. Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi Şərq Tərəfdaşlığı ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və Ali Audit Qurumlarının (AAQ) əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur. Layihə AAQ-ların potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Şərq Tərəfdaşlığı ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır. Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Gürcüstan Respublikasının Tiflis şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmaları, nəticələri və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün Forum, həmçinin maliyyə auditinə dair təlim, eyni zamanda Ukrayna Respublikasının Kiyev şəhərində səmərəlilik auditinə dair təlim-seminar keçirilib. Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna AAQ-larının nümayəndə heyətlərinin rəhbərləri birgə Anlaşma Memorandumu imzalayıb.